Paşinyanın “iqtisadi inqlab” nağılı TƏHLİL

Populist çıxışlara görə tayı-bərabəri olmayan Nikol Paşinyan hələ də erməniləri, Ermənistan ictimaiyyətini vədlərlə aldadır. Blokada şəraitində olan, marginallaşmış bir dövlətin iqtisadi sıçrayışlar edəcəyini iddia etməyə erməni baş nazirindən başqa kimsədə üz ola bilməz. Sərhədlər açılmayınca, əlaqələr qurulmayınca, layihələr reallaşdırılmayınca, istehsal, emal olmayınca hansı iqtisadi sıçrayışdan dəm vurduğunu Ermənistanın baş naziri heç özü də dərk etmir.

Blokada şəraitində olan Ermənistanın iqtisadiyyatını irəli aparacaq nə qüvvə yoxdur, nə imkan, nə də potensial. Hökumətin 5 illik proqramını parlamentə təqdim edən baş nazir ölkəsinin iqtisadi inkişafını bu gedişlə yuxusunda da görə bilməz. Hakimiyyəti ələ keçirən baş nazir görünür artıq dilemma qarşısında qalıb və erməni cəmiyyətinin səfalətini, ölkəsinin iqtisadiyyatının məhv olduğunu, bu iflasa son qoyulmanın labüdlüyünü qəbul etmək məcburiyyətindədir.

Küçə nümayişlərindən meydana çıxan avantürist dərk etməlidir ki, iqtisadi inqlab heç də onun düşündüyü küçə nümayişlərinə bənzəməz

Parlamentdə çıxışı zamanı N.Paşinyan “ümumxalq iqtisadi inqilabı”nın başladığını da bəyan edib. Bəlkə də narıncı inqlabdan, daha dəqiq desək, hakimiyyəti ələ keçirmək taktikasından ruhlanan nümayişçi üçün inqlab sözünü dilə gətirmək o qədər də çətin deyil və ola bilsin buna vərdişkardadır. Amma bu manipulyator çoxdan dərk etməli idi ki, iqtisadi inqlab heç də onun bu vaxta qədər oynadığı siyasi oyunlarla eyni deyil. Küçə nümayişlərindən hakimiyyət kürsüsünə daşınan avantürist artıq dərk etməli idi ki, iqtisadi inqlab heç də onun düşündüyü küçə nümayişlərinə bənzəməz.
Baş nazir həmçinin parlamentdə çıxışı zamanı ümidvar olduğunu bildirib ki, “məxməri inqilab”da qalib gələn xalq “iqtisadi inqilab”da da qələbə çalacaq. Polulist çıxışlar üzrə məharətinə görə seçilən erməni lideri onu da iddia edib ki, Ermənistan hökumətinin yaxın 5 ilə əsas vəzifəsi yoxsulluğun və işsizliyin azaldılması və aradan qaldırılması, sənayenin və ixracın artımı olacaq. Amma nə ilə, hansı imkanlarla və necə buna nail olunacağı hələ də müəmmalıdır. Yəni erməni baş nazir iddia etdiyi iqtisadi sıçrayışın hansı imkanlarla, hansı əsasla reallaşdırılacağı barədə bir kəlmə də söyləməyib.
Bir sözlə, Nikol Paşinyan 9 ay öncə necə yalnız söz verirdisə, indi də eləcə söz verir, vəd edir və ümid verməklə daxili auditoriyanı sakitləşdirir. Bununla belə verdiyi sözə, vədə necə əməl edəcəyi sual altındadır və özü üçün də qaranlıq məsələdir. Böhran içində olan bir ölkənin rəhbəri üçün bu tamamilə müşkül bir məsələdir ki, öhdəsindən bir nümayişçinin gələcəyinə heç kimin zərrə qədər inamı yoxdur. Hakimiyyətdə olduğu 9 ay müddətində ölkəyə xarici sərmayə cəlb edə bilməyən Paşinyanın özündə də öz dediklərinə belə bir inam ola bilməz.

Erməni cəmiyyətini, iqtisadiyyatını çökdürən Dağlıq Qarabağ konflikti, sərhədlərinin bağlanılması, blokada şəraitinə düşməsi, marginallaşmasıdır

Nikol Paşinyanın iddia etdiyi 5 illik proqram ekspert çevrələrində haqlı olaraq tənqidə tuş gəlib. Çünki, deklarativ xarakterinə görə proqramın nə kimi nəticələr verəcəyi, daha doğrusu nəticəsiz qalacağı indidən bəllidir. Baş nazir “iqtisadi inqilab” adlandırdığı proqramda bir kəlmə belə sərhədlərin açılmasından, eyni zamanda Dağlıq Qarabağ konfliktinin həllinin vacibliyindən danışılmır. Amma “iqtisadi inqilab”ı küçə nümayişləri ilə qarışdıran və nümayişçi kimi yadda qalan baş nazir unutmamalıdır ki, 1993-cü ildən bu vaxta qədər erməni cəmiyyətini, Ermənistan iqtisadiyyatını çökdürən məhz Dağlıq Qarabağ konflikti, eyni zamanda bu konflikt səbəbindən sərhədlərinin bağlanılması, blokada şəraitinə düşməsi, marginallaşmasıdır.
Moskvadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, rusiyalı tanınmış politoloq Sergey Markov “Vestnik Kavkaza” portalına Paşinyanın “iqtisadi inqilab” proqramını şərh edərkən bildirib ki, sərhədlərin blokadası istənilən şərtlərdə Ermənistanın normal inkişafına imkan verməyəcək. “Qərb dövlətlərinin siyasi dəstəyi kifayət deyil və Ermənistan hələ də nizamlanmayan Dağlıq Qarabağ münaqişəsi hesabına iqtisadi blokada vəziyyətindədir” deyən politoloq da dəfələrlə vurğulayır ki, blokada Ermənistanın hər hansı inkişafını əngəlləyən əsas maneədir.
Əslində, həqiqətən də Ermənistan çox kiçik və dar bir bazardır və iqtisadiyyatı yalnız daha geniş bir bazara inteqrasiya ilə inkişaf edə bilər. Amma belə bir bazar blokada səbəbindən hələki yoxdur. Loqistik maneələr olmasa da belə həll olunmamış Qarabağ konflikti, eyni zamanda Gürcüstan vasitəsilə tranzit yolunun zəif buraxılış qabiliyyəti səbəbindən Rusiya ilə də əlaqələr mümkün deyil. Bir sözlə Rusiya bazarına da inteqrasiya mümkünsüzdür. Yəni, Ermənistanın geniş bir bazara inteqrasiya məsələsi hazırki durumda müşkül məsələdir və erməni baş nazirinin iqtisadi sıçrayış xülyaları cəfəngiyyatdır.

Heç erməni diasporu da qeyri-stabil bir məkana, sərhədləri bağlı olan bir ölkəyə investisiya qoyuluşuna maraq göstərməz

Tutaq ki, Ermənistanda iqtisadi sıçrayış arzusu baş qaldırıb və güya ki, bu ümumxalq işinə çevrilib. Sual oluna bilər: hansı investisiya ilə? Ölkəyə ciddi sərmayə qoya biləcək, buna marağı olacaq kimsə varmı? Yoxsa, Paşinyanın sehirli çubuğu ilə bu baş verəcək? Heç erməni diasporunun da mövqeyi bu istiqamətdə bəlli deyil. Sözdə dəstək olsa da diaspordan investisiya dəstəyi gözlənilmir. Çünki, erməni diasporu belə qeyri-stabil bir məkana, sərhədləri bağlı olan bir ölkəyə investisiya qoyuluşuna maraq göstərməz.
Ola bilsin, Paşinyan düşünürdü ki, oliqarxik-kriminal idarəçiliyi aradan qaldırmaqla hər sahədə özünün dediyi kimi “sıçrayış” əldə olunacaq. Bəlkə də erməni baş nazir hələ də bu fikirdədir və güman etməkdə israrlıdır. Amma dərk etmək lazımdır ki, təkcə kriminal Sarkisyan rejimini devirməklə, hakimiyyət çevrilişi ilə ölkənin yaralarını sağaltmaq qeyri-mümkündür. Əks halda yeni hakimiyyətin 9 aylıq idarəçiliyi dövründə zərrə qədər də olsa irəliləyiş olardı, nəinki sıçrayış.
İndi Paşinyan və onun hakimiyyəti anlamalıdır ki, Azərbaycanla konflikt şəraitində olan Ermənistanın sıçrayışı, yaxud tullanışı mümkün deyil. Dağlıq Qarabağ münaqişəsi səbəbində sərhədləri bağlı olan ölkənin “iqtisadi inqilab” proqramı proqramdan daha çox xülyaya bənzəyir. İnvestisiyalar, texnologiyalar, bazarlar olmadığı halda hansısa irəliləyiş proqramı yalnız utopiya olaraq qəbul oluna bilər və heç kim bunu ciddi qəbul etməz.

Fakt budur ki, erməni baş naziri özünün irəli sürdüyü 5 illik proqramını hələ də izah etməyib və bunu izah etmək imkanına da malik deyil

İqtisadiyyatın sürətlə böyüməsi heç də özü-özünə baş verən proses deyil. İndi Paşinyanın sıçrayış adlandırdığı inkişaf tempi üçün yalnız mexanizm, Sergey Markovun təbirincə desək, hansısa drayver lazımdır. Məsələn, istehsalı sürətlə inkişaf edən Çin kimi bir ölkə Qərb ölkələrinin bazarlarını istifadə etməyi doğru yol hesab etdi və bunun doğruluğunu isbat etdi də. Həmçinin Qərb ölkələrinin bazarlarının investisiya və texnologiyalarından da istifadə edə bildi.
Maraqlıdır, blokada şəraitində hansı qüvvə Ermənistan iqtisadiyyatlını irəli aparacaq? Erməni baş naziri nəyə ümid edir ki, belə sıçrayışdan, “iqtisadi inqilab”dan dəm vurur. Əsassız proqram irəli sürmək nə deməkdir? Əgər Paşinyanın iqtisadi sıçrayış dediyi utopik “iqtisadi inqilab”a hansısa bir əsası varsa buyursun və bunu izah etsin. Doğrudur, Paşinyan “iqtisadi inqlab” nağılını rəsmiləşdirdi, amma fakt budur ki, erməni baş naziri özünün irəli sürdüyü 5 illik proqramını hələ də izah etməyib və bunu izah etmək imkanına da malik deyil.
Vəziyyəti analiz etdiyimiz zaman bəlli olur ki, hazırkı məqamda Paşintyan yalnız populist kimi görünür. Ermənistanın problemlərini yalnız öncəki prezidentlərin və hökumətlərin ayağına yazmaqla sıçrayış bir tərəfə, zərrə qədər iqtisadi irəliləyişə də ümid etmək olmaz. Başda Nikol Paşinyan olmaqla, Ermənistanın “iqtisadi inqilab” arzusu belə getsə elə arzu olaraq qalacaq və baş nazirin utopiya üzərində iqtisadiyyatı dirçəltməsi mümkün olmayacaq. İşğalçı ölkənin nəinki baş naziri, ümumilikdə erməni cəmiyyəti bilməlidir ki, təkcə ölkə iqtisadiyyatı deyil, bütövlükdə Ermənistanın məhv olmaq təhlükəsindən xilası Dağlıq Qarabağ probleminin ədalətli həlli, qanunsuz zəbt edilmiş, işğal edilmiş torpaqların geri qaytarılması, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması yolu ilə mümkündür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə