Gəncə yeni inkişaf dövrünü yaşayır

Mehriban xanım Əliyeva: "Əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var"



Bu gün özünün ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Bu nailiyyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Müasir Azərbaycan dövlətinin Qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, layihələr, aparılan uğurlu islahatlar bütün bölgələrimizin inkişafına, müasirləşməsinə səbəb olub. Azərbaycanın hər yerində olduğu kimi, bu gün qədim tarixə malik olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı, qeyd etdiyi kimi, Gəncə qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir: "Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır…Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub-saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib".

"AZƏRBAYCAN XALQININ GƏNCƏDƏ YAŞAYIB-YARADAN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR"

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 15 dəfə Gəncədə olması və daim Gəncəyə diqqət göstərilməsi, onun inkişafına müsbət təsirini göstərib. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilib. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, şəhər inkişaf edir və bu gün artıq müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikililərlə yanaşı, qədim tarixi abidələr yenidən bərpa edilir. Ölkə başçısı Gəncəyə səfərləri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib. Bu gün Gəncənin gözəlliyinə naxış salan məkanların sayı kifayət qədərdir. Gəncədə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də, başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan dini abidə "İmamzadə" Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin islam aləmindəki yerini və nüfuzunu da göstərir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd, məhz dövlətimizin başçısının Sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan və bitki florasının zənginliyinə görə bütün ölkədə məşhur olan "Xan bağı" da bu gün yenidən qurulub. Yenidənqurma işləri ilk dəfə, məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar və dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Gəncənin görməli yerlərindən biri olan "Xan bağı" Mədəniyyət və İstirahət Parkında sakinlərlə görüşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, son dəfə beş il bundan əvvəl, Gəncədə olduğunu və qədim mədəniyyət mərkəzi olan bu məkanın incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanındığını qeyd edib: "Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm".
Mehriban xanım Əliyeva səfər çərçivəsində Gəncənin bir çox yerlərində olmuş və sakinlərlə görüşmüşdür. Mehriban xanım Əliyeva burada məktəblərə baxıb, uşaq bağçalarında və uşaq evində olub. "Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır" deyən Birinci vitse-prezident məktəblərlə bağlı məsələlərlə sıx məşğul olduğunu gəncəlilərin diqqətinə çatdırıb: "Siz bilirsiniz ki, son 15 ildə ölkə üzrə 3 mindən çox məktəb tikilib və ya bərpa olunub. Ölkəmizdə bir dənə də təmirsiz məktəb qalmamalıdır. Ona görə, bu sahədə, ardıcıl olaraq bütün tədbirlər görülür, həm dövlət proqramı çərçivəsində, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə. Mənə məlumat verdilər ki, uşaq bağçaları ilə bağlı problem var, beşi qəzalı vəziyyətdədir. Dərhal məşğul olacağıq ki, onların da maddi-texniki bazasını yenidən quraq".
Bu gün yeni inkişaf dövrünü yaşayan Gəncədə sosial məsələlər öz həllini tapıb, infrasturuktur yenilənib, şəhərdə abadlıq-quruculuq işləri aparılıb. Belə ki, asfalt yolları, müasir məktəbləri, poliklinikaları var, qazlaşdırma və enerji ilə təminat 100 faizdir.
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə "Biz Prezidentimizə inanırıq, biz Onu çox istəyirik. Gəncəlilər həmişə Onun arxasındadır" deyən sakinlər indi Gəncədə çox gözəl işlərin getdiyini bildiriblər. "Əvvəllər küçələrimiz çala-çuxur idi. İndi qəşəng asfalt salınır. Dam örtükləri təzələnir, həqiqətən, böyük savab iş görmüsünüz" deyə minnətdarlıq hisslərini ifadə ediblər.
"Mən çox xoşbəxtəm ki, yenidən Gəncədəyəm. Gəncə xüsusi şəhərdir. Gəncənin mehriban insanları, gözəl memarlığı, qədim tarixi, təkrarolunmaz ab-havası var. Əlbəttə, mən məktəblərə də getdim, uşaq evlərində, muzeydə, "İmamzadə" Kompleksində oldum. Amma buraya gələndə, mənim əsas məqsədim o idi ki, gəncəlilərlə görüşüm. Dediyim kimi, Cənab Prezident 15 dəfə Gəncədə olub və inşallah, yenə də olacaq. Ona görə burada həyata keçirilən bu abadlaşma, bu inkişaf hər zaman bizim diqqətimizdədir, hər zaman bizi sevindirir. Amma eyni zamanda, yenə də deyirəm ki, hələ də öz həllini tapmayan problemlər də var. Biz onları bilməliyik, biz onların həlli üçün ardıcıl tədbirlər həyata keçirməliyik. Çünki əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə