“İlham Əliyevin hər bir addımında vətəndaşların mənafeyini əsas götürür” İSA HƏBİBBƏYLİ

“Son illər ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir. Ötən illərdə olduğu kimi, 2019-cu ilin sosial siyasətinin əsas hədəflərindən biri də pensiya və maaşların artırılmasıdır. Bir neçə gün əvvəl Prezidentin minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamları və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı, eləcə də tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyi qərarı dövlətin xalqa diqqət və qayğısının növbəti bariz nümunəsi oldu”. Bu fikirləri SİA-ya AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycan sosialyönümlü dövlətdir və Prezident İlham Əliyev müxtəlif çıxışlarında bu barədə dəfələrlə bildirib ki, Azərbaycanda aparılan siyasətin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır: “Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə, xüsusilə son vaxtlarda apardığı məqsədyönlü islahatları ilə, ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edilib. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bununla Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürür”.

“Belə ki, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır”, deyə bildirən İsa Həbibbəyli həmçinin qeyd edib ki, bu özünü təkcə fikirlərdə deyil, əməli fəaliyyətdə də göstərir: “Əhalinin sosial şəraitinin qorunması sahəsində görülən işlərin məcmusu bu barədə deyilənlərə ən yaxşı misaldır. Təkcə son illərdə həyata keçirilən xeyli sayda sosial layihələr Prezident İlham Əliyevin vətəndaşlara, xüsusilə cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı ailələrə diqqət və qayğısının ən parlaq təzahürüdür. Bu, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir”.

Prezident İlham Əliyevin hər zaman xalqın yanında olduğunu bildirən millət vəkili həmçinin qeyd edib ki, bu gün O, xalqına güvəndiyi kimi, xalqı da Ona güvənir: “Bu, xalq-iqtidar birliyi və vəhdətidir və bu vəhdət daim öz möhkəmliyini qoruyub-saxlayacaq”.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə