"Azərbaycan gəncinin savadlı olması prioritetdir" ÖZƏL-RƏY

“İmzalanan bütün sərəncamların Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldiyi göz önündədir”. Bunu SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov cənab Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara münasibət bildirərkən deyib.

Sədr qeyd edib ki, bu gün ölkədə təhsil səviyyəsinin yaxşılaşdırılması, daha da təkmilləşdirilməsi üçün görülən işlərdə Azərbaycan gəncinin savadlı olması prioritetdir: “Bu gün ölkədə savadlı gənclər olmalıdır ki, ölkə həqiqətləri dünya miqyasında tanınsın. Bu gün savadlı gənclik yetişməlidir ki, beynəlxalq arenada Azərbaycan bayrağı ən yüksəklərdə dalğalansın, himnimiz səslənsin. Verilən bu qərar kadr potensialı və maddi-texniki bazanın gücləndirilməsi baxımından, həmçinin, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlib.

Biz davamlı olaraq təhsillə bağlı olan yenilikləri izləyirik. Mən qeyd edə bilərəm Cocuq Mərcanlıda yerləşən məktəbi. Hansı ki, orada ən yaxşı şərait qurulub və gənclərin təhsili ilk plandadır. Eyni zamanda biz şəhid ailələrinin övladlarının təhsili, imkanları məhdud olan ailələr üçün, valideynini itirən gənclərin təhsili ilə bağlı məsələlərə necə diqqətlə yanaşıldığının hər zaman şahidi oluruq.

Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Peşəkar kadrların çox olması, müvəffəqiyyət göstəriciləri yüksək olan tələbələrin təqaüd almaları üçün böyük imkanlar yaradılır.

Cənab Prezident Real TV-yə olan müsahibəsində də bilik, savad amilinin gənclər və dövlət üçün əhəmiyyətini vurğuladı. Ümumilikdə ölkədə gənclər üçün geniş imkanlar yaradılır. Onların hazırladığı layihələr qiymətləndirilir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə