"İkram Rəhimov kimilərə qarşı qanunun sərt dilindən istifadə olunmalıdır" AÇIQLAMA-ÖZƏL

“Reketçilik Azərbaycan jurnalistikanın yaralı yeridir. Artıq uzun müddətdir ki, bu məsələ gündəmdədir, ictimai səviyyədə müzakirələr aparılır, hüquq-mühafizə orqanları tərəfindən addımlar atılır. Amma buna baxmayaraq, problem hələ də həll olunmamış qalmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

O bildirib ki, realliq.info saytının baş redaktoru İkram Rəhimovun həbsi və onun ətrafında baş verənlər problemin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirmiş oldu: “Bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İkram Rəhimovla bağlı səs yazıları yayıb. Onun hansı fəaliyyətlə məşğul olması, jurnalist adına necə ləkə gətirdiyi səs yazılarından aydın şəkildə məlum olur. Bu, bir daha “reket jurnalistikası”na qarşı mübarizə məsələni aktuallaşdırır”.

İ.Quliyev qeyd edib ki, baş verənlər bu sahə üzrə mübarizənin gücləndirilməsinin zəruriliyinə bir işarədir: “Həm media ictimaiyyəti, həm də media orqanları “reket jurnalistikası”na qarşı mübarizənin kompleks şəkildə gücləndirməlidirlər. Reket fəaliyyəti, hədə-qorxu vasitəsilə kimdənsə pul tələb etmək, vəzifə səlahiyyətlərindən istifadə edərək nəsə istəmək qanunvericiliklə qadağandır. Sadəcə olaraq bəziləri jurnalist adını özlərinə qalxan seçərək, bu fəaliyyətləri həyata keçirmək, bunu gündəlik iş metoduna çevirmək istəyirlər. Hesab edirəm ki, ilk növbədə bunun qarşısı alınmalıdır. Həmin şəxslərlə mübarizə kriminal ünsürlərlə aparılan mübarizə kimi baxılmalıdır”.

Baş redaktor vurğulayıb ki, Azərbaycan qanunvericiliyi hədə-qorxu yolu ilə pul tələb edənlərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulur: “Amma bunu jurnalist adı ilə edənlər, söz azadlığının məhdudlaşdırılması və digər məsələləri əsas tutaraq özlərini qorumağa çalışırlar. Amma cəmiyyət ağı qaradan ayırmağı bacarmalı, ciddi medianın təmsilçilərini “reketlik”lə məşğul olanlardan fərqləndirməlidirlər. Bilirsiniz ki, Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə üzrə xüsusi komissiyası var. Həmin komissiyanın tərkibinə bir müddət bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunublar. Həmin komissiya kimin nə ilə məşğul olduğunu çox yaxşı bilir. Orada mütəmadi olaraq “reketçilik” fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edilir, adları qara siyahıya salınır. Bizdən tələb olunan “reket jurnalistikası” ilə məşğul olanların fəaliyyətinə qarşı daha sərt tədbirlərin görülməsidir. Fikrimcə, İkram Rəhimov kimilərə qarşı qanunun sərt dilindən istifadə olunmalıdır. Çünki burada ümumilikdə söhbət jurnalistikanın gözdən salınmasından gedir. Yəni bu adamlar təkcə kriminal fəaliyyətlə məşğul olmur, jurnalistika peşəsini hörmətdən salırlar. Bu baxımdan, bu məqamlar “reket jurnalistika”ya mübarizə müstəvisində nəzərə alınmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə