Müxalifətin "siyasi mühacir" alveri

Və yaxud hər cinayətin altından AXCP-Müsavat çıxır

Neçə illərdir ki, "siyasi mühacir", "mühacir biznesi" adları altında müxalifət düşərgəsində tozanaq səngimək bilmir. Və 20 ildən çoxdur ki, xüsusilə, AXCP və Müsavat partiyalarının dələduz rəhbərlikləri bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları haqda yalanına imza atır, bunun müqabilində "siyasi mühacir" bizneslərini, necə deyərlər, inkişaf etdirirlər.

Bununla da Avropada baş verən hadisələrin törədiciləri ya Əli Kərimlinin, ya da Arif Hacılının "yastığı altından" çıxanlar olur. Əslində, dəfələrlə sübuta yetirilib ki, Avropaya bu kimi saxta adlar altında köçənlərin əksəriyyəti müxtəlif cinayət əməlləri törədən şəxslərdirlər ki, onlar köçdükləri ölkələrdə də bu fəaliyyətlərini davam etdirərək, bənzər cinayətlərini təkrarlayırlar.

Əvvəlcə "siyasi məhbus" olurlar, sonra isə Avropada cinayətkara çevrilirlər

İstər Ə.Kərimli, istər A.Hacılı və yaxud da İsa Qəmbər kimlərin törətdikləri cəinaytkarların verdikləri saxta mühacir sənədlərin sahibləri də cinayətkar olacaq. Məhz buna görə də, bu gün Azərbaycanda müxtəlif cinayətlər törədən şəxslərin dərhal "siyasi məhbus" siyahılarına salınmaları kimi hallar daha ağır fəsadlara yol açır. Belə şəxslər azadlığa çıxdıqdan dərhal sonra bu ad altında xarici ölkələrə köçür, sonradan cinayətkar əməllərin, hətta göründüyü kimi, qətl hadisələrinin, bilavasitə iştirakçılarına çevrilirlər. Görünən isə, budur ki, bu gün baş verən hər hansı hadisələrin hər birinin günahı "siyasi mühacir" adı ilə alver edən AXCP, Müsavat və s. siyasəti bazara çevirən partiya rəhbərlərindədir. Bir gün onlar da baş verənlərə görə, qanun qarşısında cavab verməli olacaqlar.

Son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı saxta arayış verilib

Müsavatın "siyasi mühacir" alverinin miqyasını ifşa edən "Yeni Müsavat" qəzetinin yazarı olmuş Elbəyi Həsənli öz "Facebook" statusunda qeyd edib ki, A.Hacılının rəhbərliyindəki komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib: "Bəllidir ki, Azərbaycanda nə dövlət, nə də özəl idarələrə belə arayış gərək deyil. Bu arayışların yalnız mühacirət üçün gərəkli olduğu hər kəsə bəllidir. Çox istərdim ki, Müsavat partiyası "6 ayda 483 arayış"la bağlı rəsmi açıqlama versin".

E.Həsənli, bundan başqa öz "Facebook" statusunda belə yazıb: "Mənə Müsavat Partiyasına görə oturum versəydilər belə, burada qeyri-adi bir şey olmazdı. Ən azı, mən partiya sıralarına daxil olduqdan 9 il sonra Avropya üz tutmuşam. İndikilər bəzən 9 saat ərzində partiya vəsiqəsi, arayış və İ.Qəmbərlə foto əldə edib Avropaya yollanırlar. Təbii ki, müvafiq ödənişdən sonra".

Sahib Alıyev: "Yazıqlar olsun saxta siyasi mühacir sənədi verənlərə də, onu alanlara da"

Müxalif düşərgədə baş verən bu rüsvayçı olaya münasibətini bildirən millət vəkili Sahib Alıyev bildirib ki, Qərbdəki bəlli çevrələrin tapşırığıyla Azərbaycanda keçirilən genişmiqyaslı tədbirləri boykota səsləyən Müsavatın onların önündə müxalifət partiyası kimi tanınmaq istəməsində, ancaq bir məqsədi var - qrant almaq: "Sən demə, bu, belə deyilmiş. Qərbdəkilərin Müsavatı müxalifət partiyası kimi tanıması həm də ona başqa gəlir mənbələri verirmiş. Partiya "mühacir "biznesi"nə də girişibmiş. Yəni Avropada sığınacaq almaq istəyənlərə bəlli bir məbləğ qarşılığında vəsiqə verilirmiş ki, o, "müsavatçıdır". Yazıqlar olsun saxta "siyasi mühacir" sənədi verənlərə də, onu alanlara da".

Əli Orucov: "Başqalarını saxtakarlıqda ittiham edənlərin etdikləri saxtakarlıqların miqyasını görüncə və eşidincə heyrətə gəlirsən"

AMİP siyası şurasının üzvü Əli Orucov isə bildirib ki, bu cür saxtakarlıq halları cəmiyyətdə hər zaman qınağa tuş gəlib: "Başqalarını saxtakarlıqda ittiham edənlərin etdikləri saxtakarlıqların miqyasını görüncə və eşidincə, heyrətə gəlirsən. Belə hallar həm əsl siyasi mübarizə aparan insanlara hörmətsizlik, həm də dövlətə qarşı təxribat və gözdən salmadır. Məncə, hüquq-mühafizə orqanları bu məsələnin izinə düşməlidir. Onlar bütün saxtakarlıq və "mühacir" "ixracının" izinə düşüb bunu ifşa etməli, eyni zamanda, hüquqi ölçü götürməlidir. Sabah, doğrudan da, hansısa müxalifət fəalı incidilsə, buna inanılmayacaq. Məncə, məsələ çox ciddi olduğundan, ciddi də tədbirlər görülməlidir".

İstər Müsavat, istərsə də AXCP kimi dələduzların pul qazanmaq üçün hər hansı bir çirkin oyunlara əl atmaqla, Azərbaycanın beynəlxalq imicinə ləkə gətirməyə cəhd etməyə çalışsalar da, bu dələduzların dəllalığı ancaq öz başlarına bir əngəl olmaqdaq başqa, bir şey deyil. Bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə