Təhmasib Novruzov: “Əli Kərimlinin xarici ölkələrdən pul dilənməsi yeni məlumat deyil ” RƏY-ÖZƏL

“AXCP sədri Əli Kərimlinin xarici ölkələrdən pul dilənməsi yeni məlumat deyil”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, bundan əvvəldə o müxtəlif fondlardan və maraqlı dairələrdən pul əldə edib: “Bu faktdır ki, Azərbaycan demokratik ölkədir və demokratik cəmiyyətdə siyasi partiyaların hakimiyyət uğrunda mübarizə aparması da təbii prosesdir. Lakin bu mübarizə sivil qaydada, qanunlar çərçivəsində, milli və dövlətçilik maraqları nəzərə alınmaqla aparılmalıdır. Unutmaq lazım deyil ki, demokratiyanın əsas prinsiplərindən biri məhz qanunların aliliyini tanımaq, ona hörmət etmək, qanuna zidd hər hansı fəaliyyətdən imtina etməkdən ibarətdir. Nə yazıqlar ki, Ə. Kərimli və onun kimi bəzi digər müxalifət qurumları addımbaşı qanunlara, eləcə də milli və dövlətçilik maraqlarına zidd fəaliyyətləri ilə gündəmə gəlirlər. Bu, birmənalı olaraq yolverilməzdir. Əgər hakimiyyət uğrunda mübarizə aparırsansa, buyur, Azərbaycanın daha yaxşı idarə olunması, xalqın güzəranının daha da yaxşılaşdırılması, dövlətin imicinin beynəlxalq aləmdə daha da irəli aparılması və digər məsələlər bağlı proqramlarını qoy ortaya, onun reallığına və indiki hakimiyyətin siyasətindən daha irəlidə olduğuna cəmiyyəti inandır, cəmiyyət də, xalq da səni dəstəkləsin və səs verib sənə etimad göstərsin. Hakimiyyət uğrunda mübarizənin sivil yolu məhz belə olmalıdır. Ancaq bunlar sivil yolu bir kənara qoyub, xaricdəki anti-Azərbaycan qüvvələrdən maliyyə və siyasi dəstək almağa, bu yolla iqtidara gəlməyə ümid bəsləyirlər. Bəlkə də iyirmi-iyirmi beş il əvvəl bu vasitələr onların dadına çata bilərdi. Ancaq indiki Azərbaycan vətəndaşı kifayət qədər yetkinləşib, həm dünyada, həm də ölkədə gedən prosesləri izləyə, onu saf-
çürük edə bilir və kimin iqtidarda olmasına da gərəkli qərarını verir. Xaricdən dəstək almaq, xüsusilə Azərbaycan qanunlarına zidd olaraq, qanunsuz yolla maliyyə əldə etmək, həmin maliyyə vəsaitindən istifadə edib ölkədə qarşıdurma yaratmaq istəyi, birbaşa milli dövlətçiliyə və xalqın gələcəyinə yönəlik fəaliyyətdir ki, bunun da Azərbaycan Respublikasının Cinayət Məcəlləsində konkret cəzası nəzərdə tutulmuşdur. Bir vətəndaş olaraq hesab edirəm ki, xarici dövlətlərin, bəzi beynəlxalq qurumların yaradacaqları hay-küyə, ajiataja baxmayaraq, ölkə qanunları qətiyyətlə tətbiq olunmalıdır. Əks-təqdirdə bu cür fəaliyyət genişlənə bilər ki, bu da ölkəmizin gələcəyinə yaxşı nəsə vəd etmir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə