“Xocalı soyqırımı hər kəsin gözü önündə baş verib" ÖZƏL-ŞƏRH

“Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Bu yaxın tarix olduğu üçün hər kəsin gözü önündə baş verib. Bu hadisəni törədənlərin, şahidlərin və o prosesi izləyənlərin əksəriyyəti həyatdadırlar və bu qətliamı öz gözləri ilə görüblər. Ona görə də ermənilər nə qədər hiyləgər olsalar da, nə qədər yalnış faktlar verməyə çalışsalar da bu faktı itirmək mümkün deyil. Çünki həmin hadisə dünyanın, tarixin gözü qarşısında baş verib. Azərbaycan dövləti də bu faciəni törədənlərin tanıdılması və onların layiqli cavablarını alması üçün bütün addımları atır. İlk öncə onu qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin zamanında parlament bu hadisəyə hüquqi və siyasi qiymətini verib, eləcə də faciəni törədənlərin dəqiq kimliyini göstərib". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Sədrin sözlərinə görə, hər kəs bilir ki, bu erməni vandalları tərəfindən baş vermiş insanlığa zidd olan hərəkətdir. Bundan sonra Azərbaycan dövləti bu faciənin beynəlxalq aləmdə tanıdılması və cinayətkarların cəzalandırılması üçün lazımi addımları atır: "Bunlardan biri faciənin dünya dövlətlərində, ictimaiyyətində tanıdılmasıdır. Təbii ki, bu sahədə də kifayət qədər uğurlu addımlar atılıb. Artıq dünyanın bir sıra ölkələri Xocalı hadisələrini soyqırım kimi qəbul ediblər və onu tanıyıblar. Eləcə də onu törədənlərin cəzalandırılması üçün bəyanatla çıxış ediblər. Bu o demək deyil ki, proses qapanıb. Xeyr, bu belə deyil. Proses davam edir. Azərbaycan dövləti yenə də bu hadisənin daha çox dövlət tərəfindən tanınması üçün əlavə addımlar atır. Ümid edirik ki, bu proses sonuna kimi davam edəcək. Amma burada diqqəti çəkən bir məqam var. Bu da bizim xaricdə olan diaspor təşkilatlarımızın və ümumiyyətlə, xaricdə yaşayan soydaşlarımızın məsələyə diqqətlə yanaşmasına bağlıdır. Bilirsiniz, bu elə bir məsələdir ki, bunun dünyaya tanıdılması üçün dövlət qurumları ilə yanaşı, həm də diaspor təşkilatları, KİV-lər bu sahədə ciddi fəaliyyət göstərməli və dəstək verməlidirlər.

Çox təəssüflər vurğulamaq lazımdır ki, bu sahədə xaricdə olan diaspor təşkilatlarının fəaliyyətini hələ də yetərli qiymətləndirmək olmaz. Burada müəyyən çatışmazlıqlar var. Eyni zamanda diqqət çəkən başqa bir problem də var. Bu gün Avropanın mərkəzi dövlətlərində oturub orada Azərbaycana qarşı təbliğat aparan, “söyüş kampaniyası” yürüdən çoxsaylı Azərbaycan soyadlı insanlar var. Onlar bəzən insanları çaşdırmaq üçün deyirlər ki, bu hərəkətlərini guya Azərbaycan xalqını xilası naminə edirlər. Çox təəssüf ki, onlar hər şeyi öz məqsədləri üçün edirlər. Bu onu göstərir ki, o ölkələrdə hələ də erməni diasporu aktiv fəaliyyət göstərir və güclüdür. Amma onlar nə qədər çaşdırıcı addımlar atmış olsalar da Azərbaycan dövləti güclüdür və xalqı ayıqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə