Əflatun Amaşov: "Çap məhsullarından ƏDV götürülsün"

"Azərbaycanda çap məhsullarının, kitab və jurnalların üzərindən əlavə dəyər vergisini götürmək lazımdır". SİA-nın məlumatına görə, bu təkliflə Milli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycanda kitabların qiyməti, əsasən də ölkəyə kənardan gətirilən kitabların qiyməti çox bahadır: “Hazırda ölkəyə il ərzində 200 minə yaxın kitab gətirilir. Qiymətlərə gəldikdə isə, kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Həmçinin satış zamanı gəlir əldə etmək üçün təqribən 20 faiz də əlavə olunur. Bundan başqa satış mərkəzləri müvafiq dövlət qurumlarına hesabat verərkən yenidən 18 faiz vergi ödəməli olurlar. Bunlar ümumilikdə 63 faiz edir. Bundan sonra təsəvvür edin ki, oxucu kitabı əldə etmək üçün nə qədər pul xərcləməlidir”.

Ə.Amaşov vurğulayıb ki, bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır: “Bütün çap məhsulları üzərindən, kitab və jurnalların üzərindən əlavə dəyər vergisini götürək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə