Ədəbi-bədii fikir tariximizin görkəmli nümayəndəsi

Dövlət başçısının Sərəncamı ilə akademik Həmid Araslının 110 illiyi qeyd ediləcək
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində səhiyyədə yeni islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Eyni zamanda, bu sərəncamlar dövlətin təməlinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Prezidentin verdiyi sərəncamlar sırasında Azərbaycanın milli-mənəvi dəyərlərinin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi də xüsusi yer tutur. Ötən gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla, məhz çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermiş akademik Həmid Araslının 110 illiyi qeyd ediləcək. Sərəncama əsasən, ədəbi-bədii fikir tariximizin tədqiqi, təbliği və yüksəkixtisaslı kadrların hazırlanması işində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, akademik Həmid Araslının anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri olub. Onunla bağlı olan mənbələrdə qeyd olunur ki, Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars və ərəb dillərinə yaxşı bələd olan alim, tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şeirinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir.
Alimin yaradıcılığının mühüm bir dövrü repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də, "Kitabi-Dədə Qorqud"un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalır. Ancaq prinsipiallıq göstərərək yad təsirlərə uymur və öz mövqeyini sona qədər qətiyyətlə müdafiə edir. "Kitabi-Dədə Qorqud"la bağlı deyilənlərin müqabilində, nə öz "günahını" boynuna alır, nə də abidə ilə bağlı deyilən sözlərlə razılaşdığını dilinə gətirir. "Dədə Qorqud" eposu ilə yanaşı, Xaqani, Xətai, Hadi və Səməd Vurğun yaradıcılıqlarının yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişmir.
H.Araslı Azərbaycan ədəbiyyatı ilə bağlı təkcə keçmiş Sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyir, onun qədimliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır və həqiqəti axıra qədər müdafiə edir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək, elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olmuşdur. Onun Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabıdır.
Türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da Azərbaycan ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirərək, onların bədii-ictimai fikir tarixinə təsirini aydınlaşdırır. Azərbaycan şairlərindən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H.Araslıya məxsusdur.
H.Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmuşdur. SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda, Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşmış, "Şairin həyatı", "Nizami Gəncəvi əsərləri" və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq, onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut etmişdir. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr və mərhələnin yetirdiyini söyləyir.
H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst etmişdir. O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri olmuşdur. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyası vardır.
H.Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılır, "Fədakar şair" oçerki, elmi məqalələr və Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazmışdır. Nəsiminin 600 illik yubileyi ərəfəsində nəşr olunan "İmadəddin Nəsimi" kitabçasında şairin həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirmiş, Nəsimi şeirinin dil və poetik ifadə gözəlliklərindən söz açmışdır. O, mətnşünas alim kimi də çox məhsuldar olmuşdur. Bu sahədəki fəaliyyəti Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirmişdir. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparır, sözlük və şərhlərə yenidən nəzər salır. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən daha mötəbər sayılır. H.Araslı 1939-cu ildə "Kitabi-Dədə Qorqud"u nəşr etdirməklə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də, bütün türkologiya elminə böyük xidmət göstərmişdir. Alim əsərin nəşri ilə yanaşı, onun tədqiqi və təhlili ilə də ciddi məşğul olmuşdur. O, türk xalqlarının müştərək eposu olan "Kitabi-Dədə Qorduq"da dil, üslub, hadisələrin cərəyan etdiyi məkan etibarilə Azərbaycanla bağlılığını konkret dəlillərlə əsaslandırmış, dastanda çətin anlaşılan müasir Azərbaycan dilindən çıxmış bir çox kəlmələrin folklor və klassik şairlərin əsərlərində işlənməsini bədii nümunələrlə təsdiq edərək, abidənin dilinin Azərbaycan dilinə yaxınlığını göstərmişdir. Böyük əmək sərf etdiyi bu abidə ilə bağlı axtarışlarını sonralar da davam etdirərək, 1962 və 1978-ci illər nəşrlərində bəzi təshihlərlə daha da təkmilləşdirmişdir.
Alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş, Azərbaycan ədəbiyyatı və klassikləri ilə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə, böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşmışdır.
H.Araslı elmi-tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə birləşdirən elm adamlarından idi. Azərbaycanın mədəni-ictimai həyatında yaxından iştirak edirdi. Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında onun böyük zəhməti olmuşdur. 1940-cı ildən öz elmi-təşkilati fəaliyyətini bu muzeylə bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifəsində çalışmışdır.
H.Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışmış, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarca elmlər doktoru və 50-yə qədər elmlər namizədi yetişdirmişdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə