"Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib

Tarixinin müxtəlif dönəmlərində, ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı, növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir.
Bu gün artıq Xocalı soyqırımından 27 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib və bu gün də davam edir.
Ermənistanın terrorçu hərbi birləşmələri tərəfindən Xocalı şəhərinin xüsusi amansızlıqla məhv edilməsinin, hər il ölkəmizdə olduğu kimi, dünya dövlətlərində də qeyd olunur. Diaspor təşkilatları tərəfindən dünya dövlətlərində keçirilən tədbirlərdə qətlə yetirilən dinc sakinlərin xatirəsi anılır və dünyaya bu soyqırımı barədə həqiqətlər bəyan edilir. Onlara Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, müharibənin nəticələri, qaçqın və köçkün problemi, eləcə də, bir gecədə məhv edilən Xocalı şəhəri və onun azərbaycanlı sakinlərinin acı taleyi haqqında dolğun məlumat verirlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı Soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər Xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən, teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində, mütəmadi olaraq, yenilənməsi nəzərdə tutulub.
Ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq. Bütün bunlarla yanaşı, fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq, o cümlədən, beynəlxalq humanitar hüquq normalarını pozaraq, oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də, digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə