Emin Həsənli: "Səfərbərlik Xidməti ötən 7 ilə mühüm uğurlarla yekun vurur"

"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü tamam olur. Bu müddət ərzində özünü ən fəal, məqsədyönlü şəkildə çalışan dövlət qurumlarından biri kimi doğruldan bu Xidmət müvəffəqiyyətlə həyata keçirdiyi işlərlə, müsbət yeniliklərlə ölkə ictimaiyyətinin, bütövlükdə xalqın rəğbətini qazanıb. Xidmət rəhbərliyi səfərbərlik və çağırışla bağlı olduqca çevik və son dərəcə şəffaf mexanizm yaradılmasına nail olub".

Bu fikirləri QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq Emin Həsənli söyləyib.Politoloq deyib ki, Dövlət Xidməti ilk növbədə gənclərin orduya mümkün qədər hazırlıqlı getməsi üçün zəruri tədbirlər həyata keçirməklə bərabər, əhali, xüsusən gənclər və ehtiyat qüvvələrlə daimi təmaslar, ünsiyyət körpüləri qura bilib. Bu isə müharibə vəziyyətində, torpaqlarının bir qismi işğal altında olan ölkəmiz üçün çox vacib məsələdir: "Qeyd etməliyəm ki, ölkəmizdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış sahəsində böyük dönüşün Ümummilli liderimiz Heydər Əliyevin xalqımıza 2 Noyabr 1993-cü ildəki taleyüklü müraciətilə başlandığı tarixi bir həqiqətdir. Ulu öndərin bu müraciəti həm sözügedən strukturlarda çalışan, xidmət edən kadrların, həm də ümumən vətəndaşların hərbi çağırış və səfərbərlik barədə anlayışını müsbətə doğru tamamilə dəyişdi. Bu sahədə fəaliyyətin günün, hətta yaxın gələcəyin tələblərinə uyğun qurulması, vətəndaşların ordu sıralarına yüksək vətənpərvərlik duyğuları ilə yollanmasının təməli qoyuldu. Ümummilli liderin xalqa müraciətinə əsasən, Azərbaycanda hərbi çağırış və səfərbərlik işi tamamilə yeni keyfiyyət müstəvisinə keçdi, bu sahədə davamlı islahatlara start verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 13 fevral 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da, heç şübhəsiz, Ulu öndərin siyasətinin davam etdirilməsində növbəti parlaq mərhələ oldu".
Politoloq qeyd edib ki, fəaliyyətinin 7 ilini arxada qoyan bu qurum ölkə vətəndaşlarının hərbi xidmətə çağırışı, Silahlı Qüvvələrin yeni çağırışçılarla komplektləşdirilməsi ilə yanaşı, gənc nəslin vətənpərvərlik tərbiyəsi və orduda xidmətə hazırlığı yönündə də təqdirəlayiq nəticələr əldə edib. Bu baxımdan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 7 ilə mühüm uğurlarla yekun vurur. Hazırda Dövlət Xidməti bu istiqamətlərdə yeni nailiyyətlər inamla çalışmaqdadır: "Dövlət başçısının siyasətinə, tapşırıqlarına uyğun olaraq, Xidmət rəisi, general-leytenant Arzu Rəhimov davamlı qaydada bölgələrdə vətəndaşları qəbul edir, onları dinləyir və bu əsasda növbəti səmərəli işlər həyata keçirilir. Eləcə də paytaxtda, Xidmətin Mərkəzi Aparatında qəbullar keçirilir, qarşıya qoyulan vəzifələr, ortaya çıxan məsələlərlə bağlı lazımi addımlar atılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elə bir sistem qurulub ki, vətəndaşlar elektron qaydada lazımi məlumatları əldə edə bilirlər. Çağırış və səfərbərlik sistemi tam modernləşib və eyni zamanda, bu iş kifayət qədər müasir səviyyədə təşkil edilib".
E.Həsənli Dövlət Xidmətinin fəaliyyətindəki ən vacib cəhətlərdən biri kimi çağırışçıların xidmətə yola salınması və qarşılanmasını xüsusi vurğulayıb. O deyib ki, Xidmət rəhbərliyinin təşəbbüs və təşkilatçılığı sayəsində bütün bu proseslər ictimai təsisatların da iştirakı ilə, böyük ruh yüksəkliyilə gerçəkləşdirilir: "İctimai sektoru təmsil etdiyim üçün əminliklə deyirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir mühüm uğuru da vətəndaş cəmiyyəti qurumları ilə, ölkədəki hərbiyönümlü QHT-lərlə, ehtiyatda olan hərbçilərlə yaxından, səmərəli ünsiyyət yarada bilməsidir. Belə ki, Xidmətin keçirdiyi müvafiq tədbirlərdə onların iştirakı təmin olunur, əlamətdar günlərdə onlarla görüşlər təşkil edilir. Eyni zamanda, media ilə münasibətlər də müasir əsasda, sivil qaydada qurulub və bu yolla da Xidmətin fəaliyyətinə ictimai nəzarətə geniş şərait yaradılır".
Həmsöhbətimiz onu da bildirib ki, Dövlət Xidməti tərəfindən cəmiyyətimizdə hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün davamlı şəkildə məqsədyönlü addımlar atılır, effektli tədbirlər həyata keçirilir. E.Həsənlinin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq şəraitində müntəzəm keçirdiyi "Vətənin müdafiəsinə hazıram!" devizli silsilə tədbirlər, yaradıcılıq müsabiqələri, sərgilər bu baxımdan dəyərli nümunədir. Bununla bərabər, gənc nəsillə, çağırışçılarla, həmçinin, hərbi xidmətini başa vurub qayıtmış vətəndaşlarla aparılan səmərəli də Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhunun güclənməsinə ciddi töhfələrdir: "Yaradılmasının 7 illiyi mühüm nailiyyətlərlə əlamətdar olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyini, bütün şəxsi heyətini bu münasibətlə ürəkdən təbrik edir, onlara vətənimiz və dövlətimiz naminə şərəfli xidmətlərində yeni uğurlar arzulayıram" .

sia.az

Bütün xəbərlər Facebook səhifəmizdə