"Xalq Prezident tərəfindən aparılan islahatları dəstəkləyir"

“Ölkədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində müxalif qüvvələr bundan pərişan olmamalıdır. Biz isə onların şantajla apardıqları siyasətin dayandırılmasını istəyirik. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”. SİA-nın məlumatına görə, bunu parlamentin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Çıxışı zamanı mühüm epizoda toxunan Q.Həsənquliyev bildirib ki, Azərbaycan Prezidentinin zəlzələ baş verən bölgəyə səfəri zamanı ağbirçək nənənin əlindən öpməsi əhalini xeyli duyğulandırıb: "Çünki nənə prezidentin əlindən öpmək istəyirdi, amma prezident əks addım atdı. Bu hadisə insanları çox sevindirdi. Bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.

Millət vəkili daha sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın” illik məruzəsi haqda fikirlərini açıqlayıb: “Burada qeyd edilib ki, irəliləyişlərə rəğmən bələdiyyələrin fəaliyyətində qüsurlar da var. Qeyd olunur ki, böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf edildiyi haqda məlumat verilsəydi, çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır”.

Deputat bildirib ki, məruzədə Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursunun keçirildiyi, 200-dən çox təlim keçirildiyi, eləcə də regional treninqlər, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib: "Bunların hamısı pul, maliyyədir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun 50 faizi işlərmirsə onda bu təlimlərin, xərclənən maliyyənin nəticəsi hardadır? Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”.

Q.Həsənquliyev əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır: “Özü də bu təkcə bələdiyyələr iqtisadi məsələlər, yerli xarakterli problemlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, xaos müxalifəti ölkədə siyasi islamın stimullaşdırılması üçün ardıcıl və sistemli iş aparılır. Bu şəbəkə daxilində pul uğrunda amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə fəaliyyəti olmalıdır. Bələdiyyələr həm də sosial-iqtisadi layihələr həyata keçirilməlidir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə