"Dəyişikliklər KİVDF-nin imkanlarını genişləndirəcək, mətbuatının inkişafını stimullaşdıracaq” ÖZƏL-ŞƏRH

“Ötən gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi. Həmin iclasda mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, stimullaşdırılması məqsədilə növbəti addımın atılması müzakirə edildi". Bunu SİA-ya açıqlamasında “SƏS” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

"SƏS" Media Qrupun rəhbərinin sözlərinə görə, həqiqətən də bu gün elektron media ilə print-media arasında sağlam mübarizə gedir: "Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, artıq yazılı mətbuat elektron mediadan geri qalır və rəqabətdə elektron media qalib gəlir. Sözsüz ki, qəzetlərin dövriyyəliliyinin təmin olunması üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da tutarlı sənəd - konsepsiya var. Bildiyiniz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Fond 10 illik fəaliyyəti dövründə mətbuatın inkişafını təmin edib, çoxsaylı layihələr həyata keçirib.

Bu gün yazılı mətbuat orqanları arasında da rəqabət gedir. KİVDF tərəfindən qoyulan şərtlərdən biri də budur ki, qəzetin 2 min abunəsi və minimal 5 min tirajı olsun. Bu artıq rəqabətin ilkin şərtlərini formalaşdıran elementdir. Bəzi mətbuat orqanları bu şərtlərə tab gətirə bilmirlər. Digərləri isə vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə əsassız söz-söhbətlərin yaranmasına rəvac verirlər. Birincisi, bu şərtlər rəqabətdən sağlam çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək. İkincisi isə obyektiv olaraq Mətbuat Şurasının keçirdiyi iclasda KİVDF-nin Nizamnaməsində dəyişiklərin olunması ilə bağlı müsbət təkliflər verilib. Artıq elektron qəzetçiliyə də yardım edilməsi, onların maliyyələşməsi ilə bağlı fikirlər səslənir. Bu da təsadüfi deyil. Bu gün dünya oxucularının əksəriyyəti məlumatları telefon və digər vasitələrlə daha tez əldə edə bilir, qəzetləri elektron resurslar üzərindən oxuyurlar. Müasir dünyanın çağırışları, innovasiyanın verdiyi töhfələr, diqtə etdiyi şərtlər onu deməyə əsas verir ki, artıq KİVDF də öz Nizamnaməsində dəyişikliklər etməyi düşünməlidir. Belə hesab edirəm ki, dəyişikliklərlə bağlı verilən təkliflər tam obyektivdir və günün çağırışlarına cavab verir. Bu, qloballaşmanın diqtə etdiyi şərtlərdir və Azərbaycanda da bu proseslər getməlidir. Düşünürəm ki, bu addımlar həm Fondun imkanlarını daha da genişləndirəcək, həm də Azərbaycan mətbuatının inkişafını stimullaşdıracaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə