"Dövlətimizin gördüyü işləri ictimaiyyətin diqqətinə düzgün çatdırmalıyıq"

“Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Dövlət başçısı tərəfindən atılan addımlar nəticəsində həm təminat, həm də xidmət sahələrinin inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digərlərinə xidmət edir. Amma təəssüflər olsun ki, bəzən ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdıra bilmirik. Azərbaycan əlayehinə işləyən qüvvələr, əhalini aldatmaqla qazandıqlarımızı öz adlarına çıxmaq istəyirlər”. SİA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin şəhid ailələrinə ayrıdığı birdəfəlik yardımla bağlı məsələdə də bunun şahidi olduq: “Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istədilər. Halbuki ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, araşdırmalar, müzakirələr gedirdi. Xarici ölkələrin təcrübəsi öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Xaricdə oturan bir qrup şəxs, böhtan şər kampaniyası aparanlar bu addımları öz adlarına çıxır, əhalini çaşdırmağa çalışdılar”.

S.Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: “Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərində də təşəbbüskar ölkə başçısıdır. Biz hər birimiz bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin prioriteti olduğunu başa salmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə