“Freedom House” Azərbaycana qarşı dəfələrlə qərəzli olub" ÖZƏL-ŞƏRH

“Freedom House” təşkilatı dəfələrlə Azərbaycana qarşı qərəz nümayiş etdirib. Bu, ölkəmizə qarşı yürüdülən düşünülmüş və məqsədli siyasətdir. Təəssüflər olsun ki, onlar bu siyasətdən əl çəkmirlər. Onlar illərdir ki, bunu təkrar edirlər. Amma hər şey göz önündədir. Bu gün Azərbaycanda vətəndaşların güzəranı getdikcə yaxşılaşır. Bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam onu göstərir ki, vətəndaşların problemləri daim diqqət mərkəzindədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

Deputatın sözlərinə görə, son zamanlar mətbuatda, KİV-lərdə biz görürük ki, Prezident regionlara nə qədər səfər edir və orada olan vətəndaşlarımıza nə qədər diqqət yetirir: “Bu gün regionların inkişafına böyük diqqət yetirilir. Bu nə deməkdir? Bu yeni iş yerlərinin açılması, vətəndaşlarımızın güzəranının yaxşılaşdırılmasıdır. İlk növbədə ən vacib hüquq yaşamaq, sağlamlıq hüququdur. İkincisi isə əmək hüququdur. Bu gün bunların hər ikisinə böyük diqqət yetirilir. Biz görürük ki, Ölkə başçısı, Birinci-vitse prezident tərəfindən fiziki imkanları məhdud olan insanların gündəlik problemlərinə necə böyük diqqət yetirilir. Bu boş sözlər və hansısa aksiyaların keçirilməsi deyil. Bu, həm qanunvericlikdə, həm də real infrastrukturun yaradılmasında özünü göstərir. Vətəndaşlar Cənab Prezident tərəfindən yalnız qayğı görürlər. Azərbaycanda yaradılan “ASAN” Xidmət kimi belə bir struktur nümunəvi bir xarakter daşıyır. Buna Avropada, dünyanın müxtəlif ölkələrində nümunə kimi baxırlar. Onlar bu nümunəni özlərində istifadə etməyə çalışırlar. Çünki bu oxşarı olmayan bir qurumdur. Hansı ki, bu, məmurlarla vətəndaşlar arasında ziddiyyətləri aradan götürür. Təbii ki, bu da insan hüquqlarının qorunmasının nümunəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...