"Gürcüstan münaqişə ilə bağlı heç bir ciddi addım atmayıb" ÖZƏL-ŞƏRH

"Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş Mixail Avaqyana heykəl qoyulması və açılış mərasimində rəsmi Tbilisinin iştirakı Gürcüstanın milliyyətcə azərbaycanlı vətəndaşlarını siyasi aktivliyə, etiraz aksiyalarına təhrik edib. Erməni şüuru təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş ermənini milli qəhrəman hesab edir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Gürcüstan ermənilərinin başladığı aksiyaya Gürcüstan azərbaycanlıların verdiyi cavab seriyasının davamı Gürcüstan dövlətçiliyinə təhlükə yarada bilər: "Gürcüstanda erməni separatizmi çox güclüdür. Onun yalnız cüzi bir qismini qeyri-erməni və qeyri-gürcü ilə əlaqələndirmək olar. Gürcü elitasının erməni separatizminə şüurlu laqeydliyi bu separatçıları daha da ruhlandırıb. Erməni separatizmi havadarlaının köməyi ilə Osetiyanı Cavaxetiyaya birləşdirmək planını reallaşdırmağa başlayıb. Ona görə daha çox Gürcüstandaxili arqumentasiyadan istifadə edəcəyik:

Gürcüstan Azərbaycan və Ermənistanın qonşusu olmasına baxmayaraq bu vaxtadək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqəli heç bir ciddi addım atmayıb. Əksinə, Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe daha çox erməni separatizmini ruhlandıran istiqamətdə olub. Nəhayət ki, o erməni separatizmi elə Gürcüstanın özünün daxilində yenidən aktivləşdi.

I. Müasir dövrdə bizim regionda erməni separatçılığının ilk hədəfi Gürcüstanın Ermənistana coğrafi cəhətdən bitişik Cavaxetiya regionu olmalı idi. Daşnaksutyun partiyası Yunanıstanda 1987-ci ildə müzakirə zamanı Gürcüstanın xristian dövləti olmasını nəzərə alaraq Cavaxetiyanın Ermənistanın tərkibinə daxil edilməsi və ya müstəqillik məsələsini yubatdılar. Ermənistanla coğrafi cəhətdən bitişik olmasa da Dağlıq Qarabağı-müsəlman Azərbaycan torpağını işğal etmək məsələsini ön plana çıxartdılar.

II. Ermənistan, erməni lobbisi indinin özündə də Cavaxetiyanın müstəqil qurum kimi təqdim etməkdən çəkinmirlər. ABŞ-dakı ermənipərəst konqresmenlər üçün Gürcüstanın Cavaxetiya regionu ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu arasında zərrə qədər fərq yoxdur. Hər ikisinə eyni cür yanaşırlar.

III. Ermənistan heç zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyib. Bunun BMT Baş Assambleyasında keçirilən ən azı 10-na yaxın səsvermədə Ermənistan nümayəndə heyətinin tutduğu mövqe sübut edir.

Bütün bunların hamısına rəsmi Tbilisi laqeydlik göstərib, vaxtında cavab verməyib.

IV. Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsində erməni mövqeyinin güclənməsinə şərait yaradıb. Rəsmi Tbilisinin fikrincə, ermənilər və azərbaycanlılar barışmazdır. Bu, Köçəryanın faşist nəzəriyyəsidir. Gürcüstana gələn qonaqlar da bu mövzuda maraqlananda onlara belə məlumat verilir. Gürcüstanda xidmətdə olan diplomatlar və xarici siyasətçilərin də fikrincə, ermənilərlə azərbaycanlıların arasında böyük uçurum var.

V. Reallıqda isə vəziyyət fərqlidir. Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında heç bir ciddi qarşıdurma olmayıb.

Rusiyanın media resursları bu istiqamətdə kifayət qədər çox böyük işlər görürlər. Ermənilər və azərbaycanlıların yaşadığı Çopi kəndi Rusiyanın media resurslarında Gürcüstanın media resurslarına nisbətən adı daha çox hallanır.

İranın Gürcüstanın daxilində müəyyən addımları erməniləri və azərbaycanlıları yaxınlaşdırmağa yönəlib.

VI. Fransanın eks-prezidenti F.Oland Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olarkən rəsmi şəkildə Gürcüstanı vasitəçilik missiyasına qatmaq istədi. B.İvanişvilinin komandası ilə bu məsələyə icazə verilmədi.

VII. Gürcüstan öz vətəndaşları olan erməni və azərbaycanlıların birgə normal yaşayışı timsalında bütün dünyaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan xalqlarının bir-birinə münasibəti barədə doğru-düzgün, pozitivə yönəli məlumat yaymaq əvəzinə vəziyyəti yalnız qara rəngdə təsvir etməklə məşğuldur.

Gürcüstan hökuməti Dağlıq Qarabağ münaqişəsində vasitəçiliklə məşğul olmaq əvəzinə öz ölkəsində iki xalqın təmsilçisini sakitləşdirməklə məşğul olacaq. Gücü çatacaqmı?

Rəsmi Tbilisi Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə ən böyük potensialı olan 2 dövlətdən biridir. İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu bütün dünya dövlətləri içərisində çoxdur. İranın siyasəti bəllidir. Dağlıq Qarabağ münaqişəsinin uzanmasının qarşısının alınmasında təsirli tədbirləri hələ yubadır. Amma Gürcüstanın da imkanları heç də zəif deyil.

Ardıcıl, inadlı və düşünülmüş vasitəçilik missiyası reallaşdırmaqla Gürcüstanı təhlükəni özündən uzaqlaşdırmaqla yanaşı, regional resursunu xeyli artırmış olar.

Rəsmi Tbilisi ayılmalı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ən ciddi məşğul olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Gürcüstan dövlətçiliyi üçün böyük təhlükələrdən biri ola bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə