“Freedom House” təşkilatı “yalançı QHT”-dir

Öz ənənəsinə müvafiq olaraq “Freedom House” təşkilatı dünya ölkələrində azadlığın vəziyyətinə dair hesabat hazırlamağa alışqandır və hər dəfə olduğu kimi bu il də bu hesabat, bu alışqanlıq öz qərəzi ilə əvvəlki ənənənin davamını təsdiq edir. Bu təşkilatın yaydığı sonuncu hesabatda Azərbaycanı qeyri-azad ölkələr siyahısına daxil etməsi təəccüblü olsa da gözlənilən idi. Ona görə gözlənilən idi ki, ölkəmizə qarşı qərəz, eyni zamanda ikili standartlar siyasəti və bir sıra çirkli niyyətlər sözügedən təşkilatın strategiyasının qayəsini təşkil edir.

Maraqlıdır, azadlığı hansı bir meyarla, hansı vasitə ilə ölçməyə, qiymətləndirməyə əsaslanılır? Fəlsəfi kateqoriya kimi azadlıq ölçüyəgəlməz bir anlayışdır. Hazırda əgər yalan detektoru, hissləri, həyəcanı ölçən cihazlar olsa da belə, azadlığı ölçən nə bir texniki vəsait, nə də hansısa avadanlıq var. Belə olan halda bəlli olur ki, azadlığın qiymətləndirilməsi yalnız nisbi və subyektiv səciyyə daşıya bilər. Subyektiv qiymətləndirilmə isə öz növbəsinə subyektin qərəzli, yaxud qərəzsiz olmasından, mövqeyindən, münasibətindən və maraqlarından asılıdır. Belə bir qiymətləndirmənin nə kimi dəyəri olacağı görəsən “Freedom House” kimi qərəzli bir təşkilatı nə zamansa maraqlandırıbmı? Yaxud? Bu təşkilatının özünün öz hesabatına kiminsə etibar edəcəyinə ümidi varmı?

“Freedom House”-un müəmmalı kriteriyalara, metodlara əsaslanan hesabatı heç kimə lazım deyil və hər il hazırlanması da mənasızdır

Bir məsələ də diqqətdən yayınan deyil ki, “Freedom House” deyilən təşkilatın hansı kriteriyalara əsaslanması, hesabat tərtib edərkən istifadə etdiyi metodlar hələ indiyədək müəmmalı olaraq qalır. Heç kimə aydın deyil ki, hansı əsasa görə ölkələrin azadlığı bu təşkilat tərəfindən qiymətləndirilir. Daxilində hərcmərclik, ikili hakimiyyət, özündən əvvəlki hakimiyyət nümayəndələrinə qarşı təzyiqlərin tətbiq edildiyi ölkə, özü də təcavüzkar, terrorçu bir ölkə nə vaxtsa bu təşkilatın hesabatında azad ölkə kimi qeyd olunsa buna zərrə qədər təəccüb edən olmayacaq. Çünki, əvvəla bu subyektiv bir ölçü hesab olunacaq, digər tərəfdən də ermənipərəstliyin, lobbiçiliyin fonunda təccübə əsas belə qalmır. Belə olan halda maraqlıdır, kimə lazımdır bu hesabat və nə üçün hər il hazırlanır? Bəlli olur ki, “Freedom House”-un müəmmalı kriteriyalara, metodlara əsaslanan hesabatı heç kimə lazım deyil və hər il hazırlanması da mənasızdır.
Ölkəmizin müstəqil xarici siyasət yeritməsi, qlobal və regional layihələrin reallaşdırılması, iqtisadi, siyasi və digər bütün sahələrdə əldə etdiyi uğurlar təbii ki, dünyanı idarə etmək niyyətində olanlar üçün arzu olunan deyil və qıcıqlanmaları da bu baxımdan başadüşüləndir. Qərəzli münasibətin hardan qaynaqlandığı hamıya bəllidir. Birləşmiş Ştatlar hazırda Ermənistanda baş verən hadisələrə ssenari hazırladığı, işğalçı dövləti idarə etdiyi halda, asılılığında saxladığı halda Azərbaycanın asılılıqda olmaması, müstəqilliyi təbii ki, həzm edilmir və edilməyəcək də. Təzyiqləri də qərəzi də təkcə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti yaxşı bilir və səbəbini başa düşür. Elə buna görə də “Freedom House”un hesabatı təkcə Azərbaycan deyil, beynəlxalq aləmdə də heç bir əhəmiyyət kəsb etmir. ABŞ-da hazırlanan bu hesabatı hazırlayan mərkəzlərin, bəzi dairələrin qeyri-azad elan etdiyi, ədalətsiz şəkildə Azərbaycanla eyni tərəziyə qoyduğu digər ölkələrə münasibəti də hamıya aydınıdır. Bu baxımdan, “Freedom House” hesabatını hazırlayanlar əmin olsunlar ki, hazırladıqları hesabatın da, dəyərləndirmələrinin də heç kimin yanında zərrə qədər qiyməti yoxdur. Belə çıxır ki, mahiyyət etibarı ilə heçə tay hesab olunur.

İnteqrasiyanı, əməkdaşlığı, inkişafı, sağlam rəqabəti gözü götürməyən, həzm etməyən qüvvələrin azadlıq barədə danışmağa zərrə qədər haqqı çatmır

Çindən İngiltərəyədək "Qədim ipək yolunun dəmir magistrallar üzərində bərpası” görünür kimlərinsə yuxusunu ərşə çəkib. Dünyada hazırda hökm sürən mürəkkəb şəraitdə ölkəmizin inteqrasiyaya, əməkdaşlığa meyilli olmasını, əldə olunan uğurları gözü götürməyənlərin reaksiyası təsdiq edir ki, nailiyyətlərimiz çoxlarını bərk narahat edir. Məhz bu narahatlığın təzahürü olaraq “Freedom House” təşkilatının qərəzli hesabatı da beləcə ortaya çıxır və öz ədalətsiz mövqeyini mütəmadi olaraq ifşa edir.
Sözügedən layihədə Çinin, İngiltərənin, Azərbaycanın iştirakından, avropalı müttəfiqlərinin dünya hegemonluğuna can atan Çinlə yaxınlaşmasından ABŞ-ın narahatlığını hiss etməmək mümkün deyil. Bu fövqəl dövlətin layihənin maliyyələşdirilməsində iştirak etməkdən imtina etməsi həmin narahatlığı tam şəkildə təsdiq edir. İnteqrasiyanı, əməkdaşlığı, inkişafı, sağlam rəqabəti gözü götürməyən, həzm etməyən qüvvələrin azadlıq barədə danışmağa isə zərrə qədər haqqı çatmır.
ABŞ-ın Davosda keçirilən Dünya Iqtisadi Forumundan imtina etməsini necə başa düşək? Azərbaycanın İran və Rusiya ilə birgə Şimal-Cənub layihəsinə tərəfdar çıxması, İranın da Xəzərin hüquqi statusunu tanımasına razılığı və Britaniyanın buradakı neft maraqlarını qəbul etməsinə görünür ABŞ-ın tamaşa etməyə heç niyyəti olmayıb. Ölkə başçımızın Davosda, Dünya Iqtisadi Forumunda iştirakı, ölkəmizi "Bir qurşaq, bir yol" layihəsində uğurla təmsil etməsi Çin-ABŞ ticarət savaşları fonunda Birləşmiş Ştatlardakı bir sıra dairələri heç cür qane etmir.

Saxta hesabatlar tərtib edib dövlətlərin suverenliyinə müdaxilə etməyə çalışanlar azadlıq carçıları yox, çirkin niyyətlilərdir

Bir məsələ diqqəti hər zaman cəlb edir ki, görəsən dünya ölkələrinin daxili işlərinə müdaxilə edənlər, qarışanlar nə vaxtdan azadlıq carçıları olublar və buna onların nə dərəcədə haqqı çatır? Ölkələri, özü də heç bir əsas olmadan insan hüquq və azadlıqlarının pozulmasında ittiham etmək səlahiyyətləri nə vaxt verilib bu müdaxiləçilərə? Əgər belə bir səlahiyyət verilməyibsə, bu qiymətləndirmə, bu hesabatlar əslində nə deməkdir və nəyə xidmət edir? Tarixə ekskursiya etdikdə görürük ki, bir vaxtlar sovet dövlətinə qarşı çıxan dissidentləri dəstəkləməklə ABŞ-ın soyuq miharibə illərində ideoloji təbliğat vasitələrindən biri olduğunu “Freedom House” artıq təsdiqləyib. Üstəlik büdcəsinin 62-80 faizini ABŞ dövlətindən alınan qrantlar təşkil edən bir təşkilatın nəyə və nə üçün xidmət etməsində qaranlıq olacaq bir məsələ qalmır.
Guya ki, azadlıq axtarışında olan təşkilatlar, xüsusən də “Freedom House” nədənsə Azərbaycandakı mühiti heç nəzərə almaq niyyətində deyillər. Nəzərə almaq fikirləri belə yoxdur ki, ölkəmizdə azad internet fəaliyyət göstərir və əhalinin 75 faizi internet istifadəçisidir. Bəzi dırnaqarası azad hesab etdikləri ölkələrdə sosial şəbəkələr qadağan olunduğu halda, Azərbaycanda sosial şəbəkələr tam azad şəkildə istifadədədir və senzura belə yoxdur. Hazıra ölkəmizdə 2 milyondan artıq sosial şəbəkə istifadəçisi var. Sosial şəbəkələrdən azad, məhdudiyyətsiz şəkildə istifadə olunduğu halda, fikir, idea azad şəkildə paylaşıldığı halda hansısa təşkilat Azərbaycanı azadlığın pozulmasında, qeyri-azad ölkə olmaqda necə ittiham edə bilər? Yaxud, ölkəmizin inteqrasiya, həmrəylik, kommunikasiyaların qovuşması proseslərində iştirakı deyil, çaxnaşma, münaqişə və müharibələr maraqlandıran təşkilat necə azadlıq carçısı hesab oluna bilər? Saxta hesabatlar tərtib edib dövlətlərin suverenliyinə müdaxilə etməyə çalışanlar azadlıq carçıları yox, çirkin niyyətlilərdir.

“Freedom House” təşkilatının hesabatında ölkələrin azadlıq səviyyəsi həmin ölkələrin ABŞ-la yalnız müttəfiqlik səviyyəsinə görə qiymətləndirilir

“Freedom House” təşkilatının hesabatına baxanda bir məsələnin də şahidi olmaq mümkündür ki, nədənsə azad ölkələr yalnız ABŞ-la müttəfiq ölkələr hesab olunur. Yəni, ölkələrin azadlıq səviyyəsi müttəfiqlik səviyyəsinə görə qiymətləndirilir. Məslən, “qeyri-azad” ölkələr siyahısında olan Ukrayna bir anda tam azad ölkələr sıyahısına keçib. Özü də korrupsiyanın səviyyəsinin həddindən artıq çox olduğu, kriminalın artdığı, əhalinin sosial durumunun tamamilə pisləşdiyi bir ölkə birdən-birə tam azad ölkələr siyahısında yer alır. Çünki, Ukrayna Rusiyanın nəzarətindən ABŞ-ın nəzarətinə keçmək niyyətindədir və bu niyyətinə görə “Freedom House” öz hesabatında onu tam azad ölkələr siyahısına salmalı olur.
Rusiya kimi Federativ Respublikanı Birləşmiş Ərəb Əmirlikləri ilə eyni şkalaya qoyan “Freedom House” təşkilatı Federativ Respublika ilə mütləq monarxiyanı müqayisə edə də bilmirmiş. Bəs mütləq monarxiyanın nə olduğunun fərqində olmayan, bilməyən, yaxud bilmək istəməyən təşkilatın hesabatı kimə maraqlı gələ bilər? Eyni zamanda şəriət qaydaları ilə idarə olunan Yəmənin Rusiya ilə eyni şkalada olmasını bu təşkilat necə qərarlaşdırdı? Qeyri-əxlaqi davranışda şübhəli bilinənlərin şəriət qaydalarına uyğun daş-qalaq edildiyi ölkə Rusiya ilə eyni səviyyəyə malikdirmi? Bu şəkildə bölgü, bu cür şkalalara ayırma ABŞ-ın şəriət qaydalarına hörmətidir, yoxsa islam dünyasına simpatiyası? Zənnimizcə, islamafobiyanın baş alıb getdiyi dünyada, bu fobiyaya rəhbərlik edən fövqəl dövlətin, onun qanadı altında olan “Freedom House” təşkilatının belə bir iddiada olması belə mümkün deyil.

Ağ Evin maraqlarını həyata keçirərək təxribatçı, sifarişli hesabatlar ortaya qoyan “Freedom House” ABŞ hökumətininin pulları hesabına mövcuddur

Tənqidçilər də belə hesab edirlər ki, “Freedom House” təşkilatı Ağ Evin maraqlarını həyata keçirir və bu məqsədlə də təxribatçı, sifarişli hesabatlar ortaya qoyur. Bir sıra ölkələr bu təşkilata da, onun hesabatlarına da nəinki məhəl qoymur, eyni zamanda ölkələrinə məxsus xüsusi siyahıya da salınırlar. Məsələn Rusiya bu təşkilatı, onun hesabatlarını "patriotik top-list" adlandırılan sənədə daxil edib və bu sənədə görə “Freedom House”-un Rusiya ərazisində fəaliyyəti arzuolunmaz hesab olunur. Bu da sirr deyil ki, Qırğızıstan prezidenti Akayev 2005-ci ildə ölkəsində hazırlanan "rəngli inqilab"ın da maliyyə mənbəyinin “Freedom House” təşkilatı olduğunu bəyan etmişdi.
Əslində, “Freedom House” təşkilatına, onun hesabatlarına qarşı antipatiyanın mövcudluğunu təsdiq edən faktlar olduqca çoxdur və bu faktları sadalamağa bu qədər arqumentdən sonra artıq ehtiyac da duyulmur. Amma bir məqama toxunmaq yerinə düşərdi ki, çoxları “Freedom House” təşkilatını ABŞ hökumətininin pulları hesabına mövcud olan yalançı QHT hesab edir. Həqiqətən də ABŞ hökuməti ilə müttəfiqlik nəzərə alınmasa heç bir meyar olmadan qiymətləndirmə edib hesabat hazırlayan quruma yalançı QHT adı vermək ən doğru seçimdir. Bəli, “Freedom House” təşkilatı yalançı QHT-dir və buna görə də nə digər ölkələri, nə də Azərbaycanı bu yalançı təşkilatın hesabatı maraqlandırmır və bu hesabatda da qeyd olunan qiymətləndirmələr heç bir əhəmiyyət kəsb etmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə