"Xocalı soyqırımı XX əsrin ən qanlı qətliamıdır" ÖZƏL-ŞƏRH

“Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı qətliam olub. Bu, hər şeydən öncə, Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdiyi təcavüzkarlıq, işğalçılıq, etnik təmizləmə siyasətini dəqiqliklə təsdiq edən bir hadisədir. Xocalı faciəsində xüsusi qəddarlıqla qətlə yetirilənlərin sayı ilə bağlı statistikanın təkrarlanması ona obyektiv siyasi-hüquqi qiymətin verilməsini şərtləndirəcək əsas amil deyildir. Çünki, insanlığa qarşı görünməmiş qəddarlığın dərəcəsinin yanında artıq statistika əhəmiyyətini itirir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, işğalçı Ermənistan Xocalıda törətdiyi dəhşətli cinayətin miqyasını və emosional hisslər yaratmaq gücünü məhdudlaşdırmağa çalışsa da, dünya artıq hər şeydən məlumatlıdır. Bildiyimiz kimi, Leyla xanım Əliyeva tərəfindən startı verilmiş və qısa zaman kəsiyində faciənin dünyada tanıdılması istiqamətində böyük işlərin görüldüyü "Xocalıya ədalət" kampaniyası kifayət qədər təsirli olub. Beynəlxalq ictimaiyyətin faciə haqqında təfsilatı ilə məlumatlandırıldığını qeyd etmək lazımdır. Eyni zamanda Ermənistanın xalqımıza qarşı törətmiş olduğu bu qanlı vandalizm aktı haqqında ümumdünya məlumatlandırılmanın aparılması Azərbaycan dövlətinin diplomatiyasının vacib istiqamətini təşkil edir. Bütün bunlara baxmayaraq, ikili standartlar bir çox hallarda Xocalıya obyektiv siyasi-hüquqi qiymət verilməsini əngəlləyir. Belə ki, artıq insanlığa qarşı törədilmiş faciələrə münasibətdə də təsnifatlandırma aparılır. Yəni, saxta "erməni soyqıımına" həssas yanaşıldığı halda lap yaxın tarixdə bütün dünyanın gözü qarşısında İkinci Dünya müharibəsindən sonra dünya miqyasında ən qanlı və vəhşi cinayət olan Xocalı faciəsinə lazımi siyasi və hüquqi qiymət verilmir. Təbii ki, bu, məqsədli şəkildə edilir. Burada xristian təəssübkeşliyinin əlamətləri də müşahidə olunur.

Xocalıda törədiklərinə görə işalçı Ermənistanın qınanılması müəyyən dairələr üçün "arzuolunmaz" siyasi nəticələrə səbəb ola bilər. Yəni, faktiki Ermənistanın işğalçı və təcavüzkar siyasəti etiraf olunmuş olar. Bu da danışıqlar prosesində onsuz güclü olan Azərbaycanın mövqelərini daha gücləndirər. Lakin, qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyətin Xocalıya faciəsinə lazımi həssaslıqla yanaşmaması olduqca təhlükəli presedentlərə yola açır. Həmçinin, Ermənistan özünü daha da cəzasızlıq şəraitində hiss edir və region, beynəlxalq təhlükəsizliyə qarşı yeni təxribatlara həvəslənir. Buna baxmayaraq, ümumilikdə münaqişə vəziyyətində Azərbaycanın siyasi potensialı kifayət qədər güclənib. Bu da, öz növbəsində Xocalı soyqırımı ilə bağlı ədalətli beynəlxalq mövqenin qətiləşməsini təmin edəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə