"Xalqın ittihamı bu ünsürlərə ən layiqli cəzadır" ÖZƏL-AÇIQLAMA

“Xaricdən ölkəmizə qarşı olan söyüş kampaniyası pik həddə çatdığı kimi xalqımızın belə adamlara qarşı nifrəti və qəzəbi də pik həddə çatır. Çünki Azərbaycan xalqı tarixən mənəviyyat və əxlaq prinsiplərinə xüsusi önəm verib, özünə hörmət edib, başqalarına da əxlaq və etika çərçivəsində davrandıqları həddə qədər hörmət edib”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, bəziləri xaricdə özlərini sanki hansısa iylənmiş qoltuqların altında təhlükəsiz zənn edərək əndazəni və insani sədləri keçməyə başlayırlar: “Unutmayaq ki, hər kəs istər siyasətdə, istərsə qeyri-siyasət meydanında özünün davranışları ilə təkcə bu gününü nümayiş etdirmir, həm də öz əcdadlarının əxlaq və tərbiyəsini nümayiş etdirir. Etik və mədəniyyət müstəvisində ölçüləri həyasızcasına aşanlara Azərbaycan xalqının nifrət və hiddəti tam təbiidir. Əgər belə adamlar xaricdə oturub xalqın min illər hifz etdiyi əxlaq-tərbiyə normalarına hörmətsizlik edirsə, xalq belələrinə başqa necə yanaşa bilər ki?! İstənilən siyasi platforma tərbiyəsizlik donuna büküləndə bütün xalqın nifrəti ilə qarşılaşır. Bu adamlar tərbiyəsiz tonda pikə yüksəlməsi ilə artıq heç kimə lazım olmadıqlarını, hər şeylərini itirdiklərini və zəifliklərini yaxşı anlayırlar. Xalqın belələrinə nifrəti artdıqca onlar bir az da dərinə gedəcəklər. Ancaq bu da sonu iflas olan müvəqqəti təzahürdür. Xalqın ittihamı bu ünsürlərə ən layiqli cəzadır. Ancaq əlbəttə qanunun imkan verdiyi həddə qədər tədbirlər də görülməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...