Davos Forumu Azərbaycana dividentlər qazandıracaq TƏHLİL

Hər il yanvar ayında keçirilən ənənəvi Ümumdünya İqtisadi Forumu, yəni Davos forumu artıq bu il də işinə başlayıb. Forumda il ərzində dünyanı gözləyəcək əsas iqtisadi hadisələrin ümumi müzakirəsi, müxtəlif panellərdə fikir mübadilələri planlaşdırılır.

Ümumdünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün Davos Forumu adlandırılır.
Hazırda Ümumdünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında nümayiş etdirilir. Adətən 3-4 gün davam edən Ümumdünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə çoxsaylı sessiyalara bölünür və iclaslarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur. Hər il müxtəlif devizlər altında təşkil olunan forumlar ilin ilk ayında- yanvarda keçirilir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə fərqlənir. Məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

Azərbaycan hər zaman dünyanın diqqətində olub və etiraf etmək lazımdır ki, bu gün də diqqət mərkəzindədir

Azərbaycan biri-birindən əhəmiyyətli iqtisadi uğurlara imza ataraq, dünya iqtisadiyyatının bir parçasına çevrildiyi günün reallığıdır və ölkəmizin uğurlarının dünyaya təqdimatında Forumun əhəmiyyəti də danılmazdır. Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycan hər zaman dünyanın diqqətində olub və etiraf etmək lazımdır ki, bu gün də diqqət mərkəzindədir.
Doğrudur, müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın baş alıb getməsi xarici investorların tərəddüdlərinə səbəb olmaya bilməzdi. Tərəddüd səbəbindən nəticə də özünü çox gözlətmədiyindən investisiya qoyuluşu məhdudlaşmaq üzrə idi. Lakin Ulu Öndər Heydər Əliyev böyük dönüş yaratdı və ölkədə yaradılan sabitlik, normal biznes mühiti bunun qarşısını aldı. "Açıq qapı" siyasəti həyata keçirən Azərbaycan dövləti qapılarını bura xoş niyyətlə gələn xarici investorların üzünə bir daha açdı və investisiyaların həcmi həmin andan əhəmiyyətli dərəcədə artmağa başladığı indi heç kim üçün sirr deyil.
Son illər ərzində Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığının ilbəil artırması isə Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Bu vaxta qədər keçirilən forumlarda "Energetika sənayesində günəş enerjisinin rolu", "Neft-qaz geosiyasəti: yeni sərhədlər" və s kimi mövzularda müzakirələr digər dövlətlərlə yanaşı, Azərbaycanın da malik olduğu imkanların təqdimatına öz töhfəsini verib.

Ölkə başçımızın forumda şəxsən iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır

Bu il də dünya ölkələrinin dövlət və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gəliblər və onların dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcəyi, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəkləri gözlənilir. Prezident İlham Əliyevin forumunda ən fəal iştirak edən prezidentlərdən olması reallıqdır və ölkə rəhbərimizin forumda şəxsən iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır deməkdə hər kəs haqlıdır. Prezident hər il Davosda 30-a yaxın görüş keçirir və nəzərə almaq lazımdır ki, Azərbaycan Dünya İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində təmsil olunur.
Davos forumu Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək olduqca vacibdir. Azərbaycan Prezidenti Davos forumunun imkanlarından görüşləri, çıxışları ilə uğurlu şəkildə faydalanır və xüsusilə vurğulamaq yerinə düşərdi ki, dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda ölkəmizin ötən, 2018-ci il üzrə iqtisadi prioritetlərini aydın şəkildə açıqlanması forumda ölkəmizə olan marağı daha da artırır.
Heç şübhə yoxdur ki, dünyanın aparıcı şirkətləri, dünya iqtisadiyyatını müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Məhz bu baxımdan, ölkəmizə investorların cəlb edilməsi, ölkəmizin iqtisadi potensialının təbliğ olunması baxımından forum olduqca əhəmiyyətlidir.

Forum Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından olduqca vacibdir

Davos İqtisadi Forumu dünyanın ən böyük iqtisadi forumu sayılır və hazırda dünya iqtisadiyyatının nəbzi Davosda döyünür. Burada dünyanın yüksək səviyyəli, ranqlı şəxsləri təmsil olunurlar. Elə buna görə də forum Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından olduqca vacibdir. Ölkə Prezidentimizin çıxışlarında, həmçinin müsahibələrində təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı iştirakçıları məlumatlandırması da xüsusi önəm daşıyır. Davos Forumu Azərbaycanın mövqeyini dünyaya çatdırmaq baxımından bir fürsətdir. Bu mötəbər tribunadan istifadə edərək dünyaya həm də siyasi mesajlar ötürmək mümkün olur ki, bunun əhəmiyyəti olduqca böyükdür.
Azərbaycan artıq start mövqedən deyil, yeni hədəflərə doğru irəliləyən bir ölkə, özü də dinamik inkişafda olan, sabitliyi bərqərar olan bir ölkə kimi Davosda çıxış edir. Bu məqam isə onu deməyə əsas verir ki, iqtisadiyyatımızın sabitləşməsi, təbii ehtiyatlarımızdan cəmiyyətin firavanlığı naminə istifadə olunması heç kimdə şübhə doğura bilməz. Dünya Azərbaycanın bu gün regionun lider dövləti, regionun və digər ətraf bölgələrin inkişafı üçün təşəbbüslərin müəllifi olduğunu qəbul edir.
Azərbaycan brendinin dünyaya tanıdılması, qeyri-neft sektorunun inkişafı indi qarşımızda duran əsas vəzifələrdəndir və eyni zamanda bu vəzifələr artıq bizim hədəflərimizdir. Qeyri-neft sektorunun inkişafı, məhsul istehsalının, emalının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti təkzib edilə bilməz. Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi, məhsul bolluğunun yaradılması, idxal edilən məhsulların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı ixrac potensialının artırılması da olduqca əhəmiyyətlidir və büdcə gəlirlərinin artması üçün çox vacib şərtdir. Bu baxımdan Azərbaycan brendi, ölkəmizdə istehsal edilən məhsullar barədə dünya ictimaiyyətinin məlumatlı olması çox mühüm əhəmiyyət kəsb edir.
Müşahidələr təsdiq edir ki, forum iştirakçılarının Azərbaycana böyük marağı var. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılan şəffaf sahibkarlıq mühiti bu marağın daha da böyüməsinə zəmin yaradır desək yanılmarıq. Məsələ burasındadır ki, indi hər bir nüfuzlu şirkət çalışır ki, Azərbaycanda nümayəndəlik açsın. Çalışır ki, Azərbaycanla əlaqələr yaratsın və sahibkarlıq fəaliyyəti üçün yaradılan bu münbit şəraitdən faydalansın. Məhz bu baxımdan da Davos Ümumdünya İqtisadi Forumu çox əhəmiyyətlidir və bu forum elə buna görə də tərəflər üçün ən əlverişli şans hesab olunur. Bütün bu məqamları nəzərə alaraq cəsarətlə demək olar ki, Davos forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə