“Mehmanın cinayət işinə xitam verilməsi qərarı bəzi qüvvələri narahat edəcək” – BƏHRUZ QULİYEV

“Ölkəmizdə dövlət rəhbərliyi tərəfindən humanizm prinsiplərinə daim diqqət yetirilib və biz, növbəti dəfə həmin reallığı bloqer Mehman Hüseynova açılmış növbəti cinayət işinə xitam verilməsi ilə bağlı Prezident İlham Əliyevin Baş Prokurorluğa verdiyi tövsiyyəsi timsalında bir daha gördük”. Bu fikirləri SİA-ya “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, bu amil həm də isbat etdi ki, istər Avropa Parlamentinin qərəzli qətnaməsi, istərsə də digər bəzi beynəlxalq təşkilatların həqiqətə söykənməyən, əsassız hesabat xarakterli bəyanatları bilavasitə sifariş xarakterlidir və onların arxasında dayanan Soros və s. kimi bədxah qüvvələr var: “Gördüyümüz kimi, hazırda Avropanın bir sıra dövlətlərində yüz minlərlə insan sosial ədalətsizlik və s. xarakterli etiraz aksiyaları keçirir, onların böyük hissəsi həbslərə atılır, barələrində cinayət işləri açılır. Maraqlıdır ki, Avropa Parlamenti və onun sorosçu himayədarları həmin gerçəklikləri bir kənara qoyaraq, həmin hadisələrlə bağlı qətnamələr hazırlamaq yerinə, üzvü olmayan ölkələrə, o cümlədən, Azərbaycana qarşı bəlli münasibətlərini sərgiləyirlər. Halbuki, onların Azərbaycanda mövcud olan və humanizm prinsiplərinə, demokratik faktorlara söykənən öyrənəcəkləri çox şeylər var. Mehman Hüseynovun cinayət işinə xitam verilməsi məsələsi də bu sıradandır”.

Baş redaktor vurğulayıb ki, Prezidenti İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır ki, bu islahatların məntiqi nəticələrindən biri də siyasi əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlara qarşı sərgilənən humanizm siyasətidir: “Artıq bəllidir ki, bir qrup hüquq müdafiəçisi, eləcə də, cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət etmişdilər və ölkə rəhbərimiz bu müraciətə dərhal reaksiya verdi. Mehman Hüseynovun cinayət işinə xitamın verilməsi bəzilərini ciddi şəkildə təlaşlandıracaq. Xüsusilə, daxili və xarici qüvvələr var ki, onlar Azərbaycanın dövlət rəhbərliyi tərəfindən verilmiş bu qərardan ciddi narahatlıq, təlaş keçirməyə başlayacaqlar. Çünki bu qərar onların qarşılarına qoyduqları çirkin məqsədli planlarını deyərdim ki, alt-üst etdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə