"Bu, Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür" MÖVQE-ÖZƏL
“Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda atılan qərəzli addımlar dövlətimizin müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Çünki, ölkəmizin müstəqil siyasət yürüdərək, gündən-günə inkişaf edib güclənməsi çoxlarında narahatlıq yaradır və bu da nəticə etibarı ilə əsasız ittihamlara gətirib çıxarır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Qərbin bəzi dairələri və Avropa təsisatları tərəfindən anti-Azərbaycan kampaniyaları dinamik inkişafa malik, dünyəvi müsəlman ölkəsi olan ölkəmizi gözügötürməzlikdən qaynaqlanır.
Avropa Parlamentində ölkəmizlə bağlı aparılan müzakirə və qəbul olunan “qətnamə”nin ikili standartların və qərəzli münasibətin göstəricisi olduğunu dilə gətirən İ. Məmmədov deyib ki, bu Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür: “Sənədin hazırlanmasında erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan dairələrinin iştirak etdiyi açıq şəkildə görünür. Məhz bu səbəbdən də ki, qəbul olunan “qətnamə” ilk erməni mətbuatında işıqlandırılıb”.
Sözügedən sənədin Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyi və hüquqi qüvvəsi olmadığını dilə gətirən İ. Məmmədov əlavə edib ki, zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etməsinin heç bir nəticəsi olmadığı kimi, bu “sənəd” də kağız parçasından başqa heç nəyə yaramır.
Bütün xəbərlər Facebook səhifəmizdə