"Onda da müxalifət idilər, bu gün də müxalifətdirlər" ÖZƏL-ŞƏRH
“Yanvarın 19-da özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran təşkilatın kordinatorluğu ilə mitinq keçirilib. Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda 2800 nəfərin iştirakı ilə keçirilən toplantını formatına görə “müxalifətin birləşmiş mitinqi” adlandırırlar. Çünki yeddi partiya və təşkilatın birgə tədbiridir”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Sədr müavinin sözlərinə görə, adını nə qoyurlarsa qoysunlar, mahiyyət dəyişmir: “19 yanvar mitinqində “lider” kimi təqdim olunan, tribunaya çıxıb alovlu nitq söyləyən şəxslər həmən şəxslərdirlər: 90-cı ilin 20 yanvarında xalqın azadlıq ehtirasından sui-istifadə edənlər, həmən anda özünü “lider” kimi göstərib yanlış qərar verənlər, qırğın törətmək, azadlıq hərəkatını boğmaq üçün bəhanə axtaran SSRİ rəhbərlərinə səbəb verənlər, qırğın törədiləndə isə heç birinin burnu qanamayanlar, qorxusundan qaçıb gizlənənlər, həftələrlə üzə çıxmayanlar, xalqı, hərəkatçıları başsız buraxanlar, ölüsünə, şəhidinə sahib çıxmayanlar! Statusları dəyişməyib, onda da müxalifət idilər, bu gün də müxalifətdirlər. Xarakterləri də dəyişməyib: yenə də xalqın müqəddəs duyğularından, müstəqillik istəyindən, şəhidlik zirvəsindən öz məqsədləri üçün sui-istifadə edirlər. Mitinqdə qərar qəbul ediblər ki, bir gün sonra-20 yanvar tarixində “Şəhidlər xiyabanı”nın ziyarətinə birgə getsinlər. Xiyabana getmək üçün birləşmək, güc göstərməkmi lazımdır?! Nə məqsəd güdürlər bunlar, ayıb deyilmi? Nəticə çıxır ki, məqsəd “Şəhidlər xiyabanı”nı ziyarət etmək deyil, özlərini nümayiş etdirməkdir. 2-ci ildir ki, eyni taktikadan istifadə edirlər. Ötən il də “Şəhidlər xiyabanı” ziyarətini özlərinin mitinqinə, nümayişlərinə çevirmək istədilər. 20 Yanvar ildönümü bir yanda qaldı, xəbər gündəmini “müxalifət liderinin Şəhidlər xiyabanını ziyarətinə mane törədildi” formatına dəyişdilər. 20 Yanvardakı davranışları da eyni oldu: Xiyabanı ziyarət edərkən insident yaratmağa, özlərini göstərməyə çalışdılar. Sonra da sosial şəbəkələrdə bunu kampaniyaya çevirdilər.
Tarixin səhifələnməsi göstərir ki, bunlar nəinki 1 il öncə, hətta 29 il öncə də bənzər hərəkət ediblər. 90-cı ilin 19 yanvarda küçələri gəziblər, xalqı rus tanklarından qorxmamağa çağırıblar, amma qırğınlar başlayanda önə çıxan, yol göstərən, canını fəda edən “lider” tapılmayıb, meydan başsız buraxılıb. Cəsədləri küçələrdə qalmış şəhidlərə də sahib çıxmayıblar”.
Bütün xəbərlər Facebook səhifəmizdə