"Paşinyanın mövqeyi dənizdə yelkənsiz qayığa bənzəyir" ÖZƏL-RƏY

"Nikol Paşinyan hakimiyyəti Dağlıq Qarabağ məsələsini bilmir. Əgər Dağlıq Qarabağ tənzimlənməsi ətrafında baş verənlərdən məlumatlı olsaydı, S.Sərkisyan komandasının üzvləri onu belə rüsvaycasına aldada bilməzdilər. Həmsədrlərin son bəyanatında olan məsələlərin əksəriyyəti S.Sərkisyanın dövründən qalma məsələlərdir. S.Sərkisyan həmin məsələləri təxirə salmaqla bu məsələləri həll etmədi. Daha pis vəziyyətdə ortalığa çıxmasına şərait yaratdı". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Serj Sərkisyan güclü lider olsaydı bu məsələlərin hamısı onun vaxtında həllini tapardı və ermənilərin maraqları indikinə nisbətən daha çox təmin oluna bilərdi: "Paşinyan və komandasının Dağlıq Qarabağ tənzimlənməsinin detallarını bilməməsi həmsədrlərlə də münasibətdə özünü göstərir. O, Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlara qoşulmasını tələb kimi irəli sürdü. Amma həmsədrlər onun bu tələbini qəbul etmədi. Çünki o məsələyə həmsədrlərin və beynəlxalq ictimaiyyətin cavabı aydın idi. Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulması yalnız Bakının konsensus verəcəyi halda mümkündür. Bakı da yalnız Dağlıq Qarabağ azərbaycanlıları danışıqlara qatılacağı təqdirdə razılıq verə bilər.

Paşinyan bilsəydi, belə populist addım atıb, sonradan erməni millətçiləri qarşısında özünü yerə vurmazdı.

Həmin vərdiş Paşinyan komandasını ATƏT-in Minsk Qrupu həmsədrlərinin son Paris bəyanatına münasibətdə də özünü göstərdi; Paris görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda aydın göstərilir ki, iqtisadi əməkdaşlıq regionun davamlı inkişafına yönəli olmalıdır. Amma Ermənistan tərəfi bunu təhlükəsizlik tərəfə meylləndirir. Təhlükəsiz sözü ermənilər üçün müəyyən qədər dəbdə olan məsələdir; Azərbaycan tərəfi Paris görüşü ilə bağlı yaydığı məlumatda növbəti görüşün fevral ayında keçiriləcəyini bildirir. Fevral ayı 28 gündür. Bu 28 günün hansında keçiriləcəyi hələ bəlli deyil. Ermənistan XİN bildirir ki, görüş yaxın aylarda keçiriləcək, amma vaxtı və yeri dəqiqləşməyib. Yəni mahiyyəti uduzub, belə xırdalıqlar uğrunda Ermənistanın mübarizə aparmasını Don Kixotun yel dəyirmanı ilə mübarizə aparması ilə müqayisə etmək olar.

Bəlkə də Paşinyan hakimiyyəti Serj Sərkisyana qaytarmaq istəyir.

Serj Sərkisyan öz xalqını uzun müddət aldatdı və belə bir pis vəziyyətə düşdü. N.Paşinyan komandasının özünü belə aldatması bir neçə ayla ölçülən məsələdir Paşinyan hakimiyyəti formalaşdırmağı yubatmaqla, Dağlıq Qarabağ tənzimlənməsinə təsir edə biləcəyini düşünür. Xİ naziri vəzifəsini icra edən Zohrab Mnasakanyan həmsədrlərin razılaşdırdığı məsələləri N.Paşinyana çatdıra bilmədisə bu missiyanı Kaspşik yerinə yetirdi. Yaxında da həmsədrlər regiona gəlib N.Paşinyanla hərtərəfli söhbət edib, lazımi məsələləri razılaşdıracaqlar. N.Paşinyan artıq təsdiq olunmuş baş nazirdir.

N.Paşinyanın atdığı addımlar onun bacarıqsızlığının və cılızlığının bariz nümunəsidir. Yaranmış vəziyyətdə ən gözəl variant N.Paşinyanın Azərbaycan Respublikasının Prezidentinə inanmasıdır. Azərbaycan Respublikasının Prezidenti artıq N.Paşinyanla 2 dəfə görüşüb və əldə olunmuş bütün razılaşmalara da olduğu kimi əməl olunur. N.Paşinyan Azərbaycanla həmsərhəd İcevan rayonundandır. Onun bütün qohum-əqrəbası azərbaycanlılarla təmasda olub və Azərbaycanla təmasdan ancaq yaxşılıq görüblər.

Dağlıq Qarabağda separatçılıqla məşğul olan adamlar isə qudurğan ermənilər idi. N.Paşinyan çox gözəl bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona istənilən yardım edib, onun özünü, hakimiyyətini hamiliyə götürə bilər. Azərbaycanın yardımı ilə Ermənistan inkişaf edəcək. Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlıq qurmaqla həm Ermənistanı inkişaf etdirəcək, həm də özü üçün əlavə iqtisadi imkanlar yaradacaq. Ona görə Paşinyanın üzünü İlham Əliyevə doğru çevirməsinin vaxtıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə