Əli Kərimli Cəmil Həsənlini “sildi”, müxalifət “liderlərinə” isə “atdı” FAKT-ANALITIK

Onun növbəti mitinq arzusu reallaşmaya bilər

“Birləşmiş müxalifət” adı altında keçirilən sonuncu mitinqlə bağlı düşərgə daxilində partiyalararası kəskin qarşıdurmalara start verilib. Buna səbəb, AXCP sədrinin mitinqə qədər sosial şəbəkədə həm özü, həm də trolları vasitəsi ilə hər kəsi “müxalifətin birgə keçirdiyi” mitinqə çağırışları, mitinqdə isə, aksiyanın özü tərəfindən təşkil olunduğunu iddia etməsidir. Artıq, mitinq bitər-bitməz düşərgədaxili münasibətlərdə, xüsusilə sosial şəbəkədə səslənən iradlar ittihamlarla əvəzlənməyə başlayıb. İddia edilir ki, Ə.Kərimli növbəti dəfə özünü “müxalifətin vahid lideri” olaraq təqdim edib və bu vasitəylə onun aldadıcı çağırışlarına inanan müxalifət partiya sədrlərini özündən “asılı” vəziyyətdə olduğunu nümayiş etdirməyə cəhd göstərib.

Əli Kərimliyə Cəmil Həsənlisiz “Milli Şura” lazımdır

Əbəs deyil ki, hətta “Milli Şura”nın sədri Cəmil Həsənlinin sözügedən mitinqdə olmamasından öz məqsədi üçün istifadə edən AXCP sədri özünü bu qurumun da rəhbəri olaraq sərgiləyib. Əslində, burada da təəccüblü heç nə yoxdur. Çünki C.Həsənlinin Ə.Kərimlinin dirijorluq çuubuğu ilə idarə edilən ipli kukla olması kimsəyə sirr deyil. Ancaq buna rəğmən, C.Həsənli kağız üzərində olsa belə, “Milli Şura”nın sədridir və nəzərə alınarsa ki, o bu qurumun prezidentliyə namizədi olub, bu zaman kartlar daha açığa çıxır. Misal üçün, məlum olur ki, artıq AXCP sədrinə C.Həsənli artıq yükdür və ondan qurtulması üçün, ona C.Həsənlisiz “Milli Şura” lazımdır. Daha dəqiq desək, “Milli Şura”nın sədri olaraq, o bu qurumda özünü görür. Əbəs deyil ki, bu barədə daha öncələr də kifayət qədər yazılıb və deyilib. Hətta C.Həsənlinin tərəfdarlarının sözügedən məsələ ilə bağlı AXCP sədrinə etirazları da olub.

Digər partiya sədrləri tərəfindən Əli Kərimlinin növbəti mitinq çağırışlarına mənfi rəylər verilir

Daha bir məsələ isə, yanvarın 19-da keçirilmiş mitinqdə iştirak etmiş partiya sədrləri və onların təmsilçiləridir. Çünki həmin mitinqdə AMDP sədri İsgəndər Həmidov, REAL sədri İlqar Məmmədov və başqaları da olublar və çıxışlar da ediblər. Ancaq onların çıxışlarının cəmi bir neçə dəqiqə çəkib, vaxtın çox hissəsində isə, məhz AXCP sədri Ə.Kərimli danışıb və...

...Və bu məqamda o, aksiyanın təşkilatçısı, təşəbbüsçüsü, “lideri” olduğunu “mənəm-mənəmliyi” ilə sübut etməyə çalışıb. Bu məsələ isə əlbəttə ki, digər siyasi müxalifət partiya sədrlərinin diqqətlərindən kənarda qalmayıb. Artıq növbəti mitinq keçirəcəklərini də bəyan edən Ə.Kərimlinin bu çağırışlarına müsbət deyil, mənfi rəylər verilməyə başlanılıb.

Partiya sədrləri Əli Kərimliyə qarşı hansı tələbləri irəli sürüblər?

Məsələn, REAL, Müsavat kimi partiya rəhbərlikləri tələb edirlər ki, AXCP sədri bu aksiyanı “birləşmiş müxalifətin mitinqi” olaraq təqdim edərkən, özünü düşərgənin “lideri” olaraq tanıtmasın. Eləcə də, çıxış üçün onlara daha çox vaxt ayrılsın. Lakin çətin ki, Ə.Kərimli düşərgədaşlarının həmin tələblərinə riayət eləsin. Çünki bunu edərsə, planlarını reallaşdırmamış qalacaq.

Beləliklə, onun növbəti dəfə keçirmək istədiyi mitinq şousu böyük sual altında qalıb. Yəqin ki, bunun günahını da özündə axtarmalı olacaq Ə.Kərimli sonradan onu “yarı yolda” qoyduqlarını ittiham edəcəyi müxalifət partiya sədrləri ilə də yollarını ayıracaq. Halbuki, onların yolları çoxdan ayrılıb. Sadəcə, AXCP sədri fürsətdən istifadə etməyə çalışdı, ancaq yenə də fiaskoya uğradı. Necə deyərlər, Əli Kərimli Cəmil Həsənlini “sildi”, müxalifət “liderlərinə” isə “atdı”...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə