“Həmsədrlərin Paris bəyanatı ötən ildə görülən işlərin məntiqi yekunudur”

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşü barədə yaydığı bəyanat onların məqsədyönlü fəaliyyətinin daha da qətiləşdiyini və genişləndiyini göstərir. Bəyanat yeni keyfiyyət vəziyyətinə şərait yaradan yanaşmanı ortalığa qoyur". SİA xəbər verir ki, bunu bu gün keçirdiyi "Qarabağ saatı" konfransında politoloq Mübariz Əhmədoğlu deyib.

O, bildirib ki, nəticəyə yönəlmiş intensiv danışıqlara şərait yaradan atmosferin dəstəklənməsi tezisində iki məsələ var: "Ermənistanın danışıqlar üçün konstruktiv mühitin olmaması ilə bağlı "narahatlığı" həmsədrlər tərəfindən qəbul edilmir. Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır. Məcburi köçkün və qaçqınların ilkin yaşayış məskənlərinə, mədəni abidələrə, məzarlıqlara baş çəkməsi, o cümlədən Bakıda vaxtilə yaşamış ermənilərin öz ata-babalarının məzarlıqlarına baş çəkməsi kimi ideyalar çoxdan mövcuddur. Amma bunlar Ermənistanın tutduğu destruktiv mövqeyi nəticəsində reallaşmadı. Hər iki tərəfdən vətəndaş cəmiyyətinin ayrı-ayrı təbəqələrinin-qadınların, gənclərin və münaqişədən zərərçəkmişlərin təmasını Ermənistan vaxtilə rədd edib. Məzarlıqların aşkarlanması və DNT analizləri vasitəsilə məzarlıqlarda ölənlərin kimliyinin müəyyənləşməsi Dağlıq Qarabağ tənzimlənməsində kin-küdurətin aradan qaldırılması istiqamətində çox vacib addımdır. Çünki erməni tərəfi iddia edir ki, Dağlıq Qarabağ müharibə regionundakı məzarlıqların böyük əksəriyyətində ölənlər ermənilərdir. Amma fakt budur ki, orada ölənlərin əksəriyyəti azərbaycanlılardır. DNT analizi ilə bu mübahisəyə son qoyulacaq. Amma bu ermənilərin uydurduğu həqiqətin ziddinə olduğu üçün S.Sərkisyan hökuməti razılıq vermədi. Dağlıq Qarabağın erməni və azərbaycanlı icması nə qədər tez dialoq quracaqlarsa Dağlıq Qarabağ dinc tənzimlənməsi də o qədər sürətlənəcək".

Plotoloq vurğulayıb ki, həmsədrlər Xarici İşlər nazirləri ilə birlikdə indiki danışıqlar prosesinin əsas prinsip və parametrlərinin müzakirəsi dedikdə çox böyük ehtimalla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, həmin ərazilərə məcburi köçkünlərin qayıtmasına hazırlanması və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması nəzərdə tutulur: "Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə Azərbaycanın tərkibində təhlükəsiz, inkişaf şəraitində yaşaya bilməsini Azərbaycan tərəfi dəfələrlə bəyan edib. "Laçın koridoru"nun parametrlərinin müəyyən olunması ilə bağlı vacib işarəli mesajı Ermənistan Silahlı Qüvvələrinin baş ştab rəisi Artak Davtyan verdi. Əgər Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası Ermənistan tərəfindən təklif olunursa demək "Laçın koridoru" ilə bağlı Ermənistanın mövqeyində kifayət qədər ciddi dəyişiklik var. Həmsədrlər Xarici İşlər nazirləri ilə razılaşdıqlarını iki ölkə liderləri ilə razılaşdırıb, dərhal tənzimlənmə üçün müqaviləni hazırlamaq niyyətindədirlər".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə