"Əhalinin sosial rifahı dövlət siyasətinin strateji hədəflərini təşkil edir" RƏY-ÖZƏL

“Azərbaycanda həyata keçirilən siyasət ilk növbədə, sosial müdafiə tədbirlərində əhatəliliyin, şəffaflığın və ünvanlılığın təminatına, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Buna bariz nümunə kimi son 15 il ərzində ölkənin ümumi daxili məhsulunun 3 dəfədən çox, əhalinin gəlirlərinin dəfələrlə artdığını, 2 milyona qədər yeni iş yerlərinin açıldığını deyə bilərik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, dünyada gedən proseslərə baxmayaraq ölkəmizdə sosial inkişaf davam etməkdədir.

Onun sözlərinə görə, müəyyən zamanlarda ölkəmizdə digər sahələrə ayrılan vəsait azalsa da, sosial sahəyə ayrılan vəsait heç zaman azalmayıb: “Əksinə bu istiqamətə ayrılan maliyyə intensiv olaraq artmaqdadır. Azərbaycanda innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin strateji hədəflərini təşkil edir”.

Ölkəmizin inkişaf baxımından dünyanın lider dövlətləri sırasında olduğunu deyən komitə sədri vurğulayıb ki, Azərbaycanın iqtisadi nailiyyətlər əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır: “İqtisadi inkişafımız dövlət büdcəsinin ildən-ilə artmasının və vətəndaşlarımızın yaşayış tərzinin daha da yaxşılaşmasına xidmət edir. Bunun nəticəsidir ki, 2019-cu ilin dövlət büdcəsində də sosial sahəyə ayrılan xərclər artdı. Bildiyiniz kimi bu ilin büdcəsində sosial sahələrə 8 milyarddan çox vəsait ayrılıb ki, bu da büdcənin 33,4 faizini təşkil edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə