"Milli Şuranın uğursuz cəhdlərinin heç bir mənası yoxdur" ŞƏRH-ÖZƏL

“Şəhidlər Xiyabanı müqəddəs yerdir. Burada uyuyan insanlar Azərbaycan xalqının dəyərli övladları, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda özlərini fəda etmiş insanlardır. Hər kəs Şəhidlərimizin xatirəsini hörmətlə yad etməli, davranışına fikir verməlidir. Partiyasından asılı olmayaraq hər hansı müxalifət nümayəndəsi xalqımız üçün müqəddəs sayılan bir məkanda öz davranışına fikir vermirsə, ədəb-ərkan çərçivəsindən kənara çıxırsa, o zaman bunun adı tərbiyəsizlik, şəhidlərə, xalqın adət-ənənəsinə hörmətsizlikdir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

O bildirib ki, ölkəmizin hüquq mühafizə orqanlarının borcu da ictimai asayişi qorumaq olduğundan heç kimə əxlaq normalarından kənara çıxmaq və ictimai asayişi pozmağa imkan verilmir.

YAP Siyasi Şurasının üzvü söyləyib ki, artıq Azərbaycan 80-ci illərin sonu 90-cı illərin əvvəllərində olduğu kimi deyil: “Ölkəmizdə kifayət qədər möhkəm dövlətçilik var və insanlarımız ayıqdır. Hesab edirəm ki, onların cavabını Şəhidlər Xiyabanına ziyarətə gələn vətəndaşlarımızın özü verdilər. Bundan sonra da hüquq mühafizə orqanları bu cür qanun pozuntularının qarşısını alacaq”.

Müxalifətin ötən həftə keçirdiyi “mitinq”ə toxunan deputat toplantının keçirilməsinin təsadüfi olmadığı dilə gətirib.

O deyib ki, mitinqdən öncə Avropa Parlamenti tərəfindən ölkəmizlə bağlı qəbul olunan qətnamə də ədalətsiz, vicdansız şəkildə qəbul edilmişdi: “Avropanın mərkəzi olan Fransada gündə yüzlərlə insan ictimai asayişi pozduğuna, etirazını bildirdiyinə görə, həbs olunsa da nədənsə onlara qarşı heç bir fikir söylənilmir. Amma Azərbaycanda məhbusun 1 gün aclıq etməsi şişirdilir. Mən hesab etmirəm ki, onlar Mehman Hüseynovu çox istəyir, ürəkləri yanır və ya ümumiyyətlə tanıyırlar. Onlar sözügedən şəxsdən istifadə edərək Azərbaycana qarşı dağıdıcı mexanizmlərini işə salmaq istifadə edirlər. Onların da sifarişi ilə həyata keçirilən son mitinq bir daha göstərdi ki, mitinqin təşkilatları Azərbaycandan, azərbaycançılıqdan çox uzaqda olan Qərbə satılmış insanlardır. Onlar üçün müqəddəs heç nə yoxdur”.

M.Quliyev hesab edir ki, mənasız şüarlarla mitinq keçirməyə ehtiyac yoxdur: “Bakı şəhəri İcra Hakimiyyəti də mitinqi razılaşdırarkən, onun ictimai əhəmiyyətinə baxmalıdır. Əgər hər hansı ciddi şüarla ortaya çıxarlarsa, buyurub mitinqlərini edə bilərlər. Lakin hər dəfə eyni çeynənmiş şüarlar və 90-cı illərdən qalan, kiflənmiş fikirlərlə ortaya çıxıb, özlərini təzədən cəmiyyətə təqdim etmək kimi uğursuz cəhdlərin heç bir mənası yoxdur və müvafiq qurumlar ictimai asayişi pozacaq fəaliyyətə yol verməməlidirlər”.

YAP Siyasi Şurasının üzvü əlavə edib ki, ümumiyyətlə, siyasi mübarizədə mədəniyyət var və bu siyasi mübarizə mədəniyyətini Azərbaycana Ümummilli lider Heydər Əliyev gətirib: “Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, heç zaman dövlətçiliyə, dövlət quruluşuna, ölkənin milli maraqlarına qarşı müxalifətdə olmadı. Biz mübarizə apardıq, sözümüzü dedik, qəzetdə yazılarımızı yazıb, çıxışlarımızı etdik, Ulu Öndər hakimiyyətə xalq səsverməsi yolu ilə gəldi. Siyasi mübarizənin sivil yolu budur. Hansı partiya nüfuz əldə edirsə, xalq arasında deputatlarını seçir və gəlib Milli Məclisdə öz sözünü deyir. Parlamentdə hər kəs azad şəkildə öz fikrini deyir. Bundan başqa Azərbaycanda sivil dövlətlərlə olduğu kimi insanların fikir və söz, nümayiş mitinq keçirmək azadlığı var və hər kəs bu azadlığından istifadə edə bilir. Amma elə günlər, müqəddəs yerlə var ki, orada hər kəs davranışına fikir verməlidir. Hansı siyasi və ideoloji cəbhədən asılı olmayaraq, hər kəs xalqın milli adət-ənənələrinə hörmətlə yanaşmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə