"Paşinyan ikili oyun oynayır" ÖZƏL-ŞƏRH

"Əslində Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə biz əvvəlcədən proqnozlaşdırmışdıq ki, Ermənistanın Qarabağla bağlı siyasəti dəyişməyəcək". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın həm daxili, həm də xarici siyasətində Azərbaycana qarşı hansısa bir müsbət irəliləyiş olacağı inandırıcı görünmürdü: "Təbii ki, bu proqnoz özünü doğrultdu. Bunu cənab Prezident İlham Əliyev də qeyd etmişdi. İkincisi, Paşinyan qərbyönümlü olsa da, hələ ki ikili oyun oynayır. O həm Rusiyaya, həm də qərbə meyl edir. Üçüncüsü, Dağlıq Qarabağla bağlı danışıqları uzatmaqla Paşinyan çalışır ki, verdiyi vədlərlə ən azı bir müddət oynaya bilsin. Yəni o müəyyən işləri görə bilsin. Paşinyanın köhnə komandanın üzvlərini saxlamaqda əsas məqsədi onların əlində olan varidatdan yararlanmaqdır. Əgər o yeni komanda yığsa, bu ancaq acların və lütlərin komandası olacaq. Təbii ki, onların da maliyyə imkanları yoxdur. Ona görə də çalışır ki, onların əlində olanlardan da yararlansın. Çünki beynəlxalq aləmdə də artıq Ermənistan həm Azərbaycan tərəfindən təcrid olunub, eyni zamanda bizim yürütdüyümüz xarici siyasət də onları müəyyən çətinliyə salıb. Artıq bunlar xaricdən maliyyə yardımı ala bilmirlər.

Paşinyan belə fikirləşir ki, daxildə varlanmışların hesabına müəyyən müddət Ermənistanı ayaqda saxlaya bilsin. Təbii ki, bu da alınmayacaq. Yəni bütün hallarda Paşinyanın ən uzağı 3-4 ay şansı var ki, indiki siyasətlə davam etsin. O siyasət çökəcək. Mən Qarabağ məsələsinin sülh yolu ilə Paşinyan tərəfindən həll olunacağına inanmıram. Ümumiyyətlə Ermənistan rəhbərliyinin Qarabağla bağlı sülh siyasəti yürütməsi saxtakarlıqdan başqa bir şey deyil. Bunlar heç zaman səmimi olmayıblar və olmayacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə