"Danışıqların intensivləşməsi müsbət haldır" ÖZƏL-MÖVQE

“Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov məlumat verdi ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında Parisdə keçirilən görüş uğurlu oldu. Beləcə, gələcək görüşlər üçün bir ümid yarandı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan XİN rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bir nəticə verməsi üzrə də bir neçə nikbin sözlər söyləyib: “Ümumiyyətlə, biz Ermənistan mətbuatını da izləyirik. Erməni politoloqlar isə bildiriblər ki, dörd saatlıq görüşdə nazirlər nədən danışıblar. Düşünürəm ki, nazirlərin görüşündə hansısa müsbət məqamlar olub. Fevral ayında isə növbəti görüşün keçirilməsinə razılıq əldə olunması isə o deməkdir ki, Paris görüşündə hansısa irəliləyiş olub. Ümid edək ki, keçirilən görüşlər əvvəlkilərinə oxşamayacaq və nəticə verəcək”.

E.Məmmədov bildirib ki, danışıqların intensivləşməsi özlüyündə müsbət haldır: Əsas məsələ bu prosesin konkret nəticələr verməsidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh prosesini irəli aparmaq təşəbbüsləri müsbət qiymətləndirilə bilər. Azərbaycan tərəfi danışıqlar naminə bu prosesdə iştirak etmək niyyətində deyil və bu mövqe həmsədrlərə də məlumdur. Ona görə də, dövlətimizin həmsədrlərdən nəticəyə hesablanan fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə