Davos İqtisadi Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT-DAVOS

“Davos İqtisadi Forumu iqtisadi məsələlərin müzakirəsi platforması olsa da, burada həm də siyasi məsələlər barədə fikir mübadiləsi aparılır. Çünki dünyanın bir çox ölkələrindən siyasətçilər gəlir. Bu il keçirilən Foruma da üç minə yaxın siyasətçi, iqtisadiyyatçı, dövlət adamları toplaşıb. Təbii ki, belə bir Forumda ölkəmizin iştirakı ilk növbədə Azərbaycanın bugünkü iqtisadi inkişafı ilə bağlıdır. Yəni Azərbaycan öz inkişaf dövrünü yaşayan bir ölkədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Davos İqtisadi Forumunun rəqabətqabiliyyətli hesabatlarında da Azərbaycan həmişə öncül yerlərdə göstərilir və bu göstəricilər ilbəil artır: “Bu da Azərbaycanın nüfuzuna müsbət mənada təsir edir. İlk növbədə bu Forumun iqtisadi cəhətdən, yəni Azərbaycanın iqtisadi potensialını təbliğ etmək və göstərmək baxımından əvəzolunmaz bir tədbirdir. Burada Azərbaycan yeni investisiyaları cəlb etmək istiqamətində müəyyən qədər işlər aparır. Həm də bu siyasi platformadır. Əgər hər bir ölkənin apardığı siyasəti aşağıdırsa, o ölkənin iqtisadiyyatı da heç vaxt inkişaf etməz. Ona görə də biz bu fürsətdən istifadə edərək orada öz problemlərimizi qlobal formada təqdim edə bilirik. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana qarşı ədalətsiz yanaşmalarla bağlı öz fikirlərimizi bildirə bilirik. Təbii ki, bu da dünyanı bir daha bu münaqişə ilə bağlı məlumatlandırmaq və Azərbaycanın haqq səsini ucaltmaq üçün bir platforma kimi qeyd etmək olar. Təbii ki, həm siyasi baxımdan, həm də iqtisadi baxımdan Davos İqtisadi Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə