Ərdoğandan Türkiyədə süni bahalaşma yaradanlara sərt MESAJ

“Valyuta məzənnəsindən başlayan və iqtisadiyyatı təhdid edən çətinlikləri aradan qaldırmaq üçün lazım olan tədbirləri sizlərlə birlikdə həyata keçirdik Biz həmişə birlikdə Türkiyəyik”. SİA-nın xəbərinə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ticarət və Sənaye Şurasında çıxış edərkən deyib.

O bildirib ki, Türkiyənin ən böyük problemi kənarda rəqabət apardığı qüvvələr deyil, öz içindəki bir sıra qüvvələrdir: “Öz xalqına güvənmədikləri üçün, həmin qüvvələr hər zaman kimlərinsə kölgəsində hərəkət edib, əmirlərini həyata keçirirlər. Həmin qüvvələr düşünür ki, Türkiyə Cümhuriyyəti göydən zənbillə düşüb. İçəridəki insanlar da mağaradan çıxıb. Bizim ölkə və millət kimi çox güclü mükəmməlliyimiz var. Bu mövzuda çox əhəmiyyətli işlər görən elm adamlarımız var”.

Ərdoğan deyib: “Hazırda ölkəmizdə fəaliyyət göstərən bir çox qurumlar 150 il və 200 illik tarixə malikdir. 2200 yaşlı ənənəmizin yeni mərhələsi olan Prezident Hökumət sistemi ilə gələcəyə böyük bir miras qoyduq”.

“Madəm ki, biz “qonşusu ac ikən tox yatan bizdən deyildir” deyən mədəniyyətə malikik o zaman son dövrdə yaşanan hadisələr qarşısında özümüzü sorğuya çəkməliyik. Şübhəsiz ki kiməsə zərərinə çalış demirik. Ancaq faiz və inflyasiya düşsə də, marketlərdə meyvənin, tərəvəzin qiymətləri düşmək əvəzinə bahalaşır. Bunu nə ilə izah edək? Əgər marketlərdə xalqıma qarşı müstəmləkə mübarizəsini davam etdirənlər varsa, o zaman onlardan bunun hesabını soruşmaq bizim vəzifəmizdir və hesabını soruşarıq. Faizlərin aşağı düşməsi ilə bağlı hər şey ortada. Amma baxırıq ki, marketlərdə bir faiz belə olsun ucuzlaşma yoxdur. Hələ də vətəndaşımı necə talayım deyə düşünürlər. Hər kəsi bu məsələdə vicdana, insafa, ən əsası isə əxlaqa dəvət edirəm. Şikayətləri qulaq ardına vurmayın”,- deyə Türkiyə prezidenti qeyd edib.

Ölkə başçısı çıxışında iqtisadi böhrandan istifadə edənlərə müraciət edərək “Böhranı fürsətə çevirməyin” deyə dilə gətirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...