“Erməni ordusundakı vəziyyət fəlakətli dərəcədədir” - Janna Aleksanyan

Ermənistanla “DQR”in işğalçi və separatçı ordularında baş verən çoxsaylı ölüm hadisələri erməni ictimaiyyətində ən çox müzakirə olunan mövzuya çevrilib. Belə ki, Ermənistanın baş prokurorluğunun təqdim etdiyi sonun rəqəmlə bağlı əsasən, hüquq müdafiəçiləri etiraz səslərini ucaldır, hakimiyyətin yalan danışdığını müxtəlif faktlarla sübuta yetirirlər.

“Ermənistanın silahlı qüvvələrində və “Artsax”ın “müdafiə ordusunda” 2018-ci il ərzində cəmi 63 ölüm hadisəsi qeydə alınıb, onlardan 27-i çağırışçılar, 23-ü müqavilə əsasında hərbi xidmətdə olanlar, 2-i gizir və 11-i isə zabitlərdir”. SİA xəbər verir ki, bu barədə ermənilərin 1in saytı Ermənistan baş prokurorluğuna istinadən yazır.

Qeyd olunur ki, həyatlarını itirmiş 63 hərbçidən 38-nin ölüm hadisəsi hərbi xidmətlə əlaqəlidir, 25-i isə hərbi xidmətə aidiyyatı olmayandır. Həmçinin bildirilir ki, 7 ölüm hadisəsi tərəflərin təmas xəttində, 11-i intihar, yaxud, intihar həddinə çatdırma, 2-i silahla ehtiyatsız davranış, 3-ü xəstəlik, 1-i minanın partlaması, 1-i qətl, 3-ü bədbəxt hadisə, 6-ı avtoqəza, 2-i hərbi xidmətin qaydalarının pozulması, 2-i isə uçuş, yaxud, uçuşa hazırlıq nəticəsində baş verib.

Hərbi xidmətlə əlaqədar olmayan 25 ölüm hadisəsinin 11-i avtoqəza, 10-u xəstəlik, 4-ü isə bədbəxt hadisə nəticəsində yaşandığı bildirilir.

Bildirilir ki, 2017-ci ildə ölüm halları 76 dəfə baş verib və 13 say fərqi ilə azdır. Lakin bununla yanaşı, 2017-ci illə müqayisədə hərbi xidmət zamanı hərbi xidmətə aid olmayan ölüm hadisələrinin faiz dərəcəsinin artması erməni hüquq müdafiəçilərinin də təlaşlı bəyanat səsləndirmələrinə səbəb olub.

Hüquq müdafiəçisi Janna Aleksanyan: “Orduda biabırçı vəziyyət yaranıb. Cəzasızlıq hökm sürür”

Bununla bağlı hüquq müdafiəçisi Janna Aleksanyan 2017-ci illə müqayisədə hərbi xidmətdə ölüm hallarının azalması ilə bağlı statistik rəqəmlərdə hər hansı müsbət bir şey görmədiyini deyib. Onun sözlərinə görə, belə kiçik azalmanı müsbət hal kimi dəyərləndirmək olmaz. “Erməni ordusunda insan hüquqları fəlakətli dərəcədə dəhşətlidir”, deyən Aleksanyan 63 rəqəminin çox böyük olduğunu bildirib və qeyd edib ki, bu vasitə ilə onlar (hakimiyyət) sadəcə öz simalarını qorumağa cəhd edirlər: “Orduda biabırçı vəziyyət yaranıb. Cəzasızlıq hökm sürür. Mən şəxsən bilirəm ki, iki ölüm hadisəsində əsgərlərə atəş açaraq, onların həyatlarına son qoyanlar hazırda azadlıqladırlar. Ümumilikdə orduya nəzarət güclü şəkildə aşağı düşüb”.

“Orduda dəyişən yalnız nazir olub, başqa dəyişiklik yoxdur”

Hüquq müdafiəçisinin sözlərinə görə, hətta yeni nazirin təyin olunmasına baxmayaraq, mənzərə dəyişilməyib: “Dəyişən yalnız nazir olub. Orduda başqa dəyişiklik yoxdur. Nazir məktublara və şikayətlərə cavab vermir. İndi onlar, ordudakı ölüm hallarının orduyla bağlı olmaması ilə əlaqələndirməyə cəhd edirlər. Ordu elitası bax, bununla məşğuldur”.

Janna Aleksanyan əlavə edib kii, əgər bənzər statistikaya növbəti ildə də rast gəlməmək üçün, ölüm hallarını gizlətmək deyil, cəzasıqlığı aradan qaldırmaq, nəzarəti gücləndirmək lazımdır: “Lakin bu gün ordu rəhbərliyində belə bir iradə yoxdur. Ötən il 63 ölüm hadisəsi qeydə alınıb, bu il də onlar bu rəqəmləri sıfırlaşdırıb, təkrəqəmli etməyə başlayacaqlar. Ancaq bu illər ərzində bütün ölüm hadisələrini bir araya gətirərsək, ordudakı özbaşınalıqlar nəticəsində nə qədər gənc insanların itirilməsinin nəhəng mənzərəsini görmüş olarıq”.

Helsinki assosiasiyasının Vanadzor şöbəsinin rəhbəri Artur Sakunts: “Bizim, ilkin rəyləri gələn həftə ictimailəşdiriləcək və prokurorluğun təqdim etdiyi statistik rəqəmlərdən kifayət qədər fərqlənəcək”

Erməni saytı digər hüquq müdafiəçisi, Helsinki assosiasiyasının Vanadzor şöbəsinin rəhbəri Artur Sakuntsun da ordudakı biabırçı vəziyyətlə bağlı hesabat hazırladığını yazıb. Qeyd olunur ki, məhz bu qurum da ordudakı insidentlərlə məşğuldur və hələ ki, əllərində olan faktları araşdırırlar. “Bizim, ilkin rəyləri gələn həftə ictimailəşdiriləcək və prokurorluğun təqdim etdiyi statistik rəqəmlərdən kifayət qədər fərqlənəcək”, deyə sözügedən məlumatda bildirilir.

Beləliklə, fakt budur ki, istər işğalçı Ermənistanın, istərsə də separatçı “DQR” rejiminin ordularındakı vəziyyət çərçivədən çıxıb və ölüm, cinayət halları artmaqda davam edir. Hətta hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, onların gizlin saxlamağa çalışdıqları rəqəmlər hüquq müdafiəçiləri tərəfindən araşdırılaraq üzə çıxarılır, statistik rəqəmlərin yalanları ifşa edilir. Bu isə söz yox ki, yeni hakimiyyətin də köhnə hakimiyyətdən fərqlənmədiyinə, əksinə, vəziyyətin dəyişməməsinə olan danılmaz sübutlardan biridir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə