Dünyada milyarderlərin sayı iki dəfə artıb

Son 10 ildə dünyada milyarderlərin sayı praktiki olaraq iki dəfə çoxalıb. SİA-nın xəbərinə görə, bu Davos Dünya İqtisadi Forumu ərəfəsində hazırlanan Oxfam beynəlxalq xeyriyyə və humanitar təşkilatı tərəfindən aparılan tədqiqatda öz əksini tapıb.

Məlumata görə, 2018-ci ildə onların sayı 2208 nəfər olub. Dünyanın varlı insanlarının zənginliyi hər gün 2,5 milyard dollar artmaqdadır.

2017-ci ildən 2018-ci ilə qədər dünyada hər iki gündən bir yeni milyarder ortaya çıxıb.

Oxfam eyni zamanda narahatlıq doğuran məqamı da açıqlayıb. Təşkilat tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, ötən il dünyanın ən kasıb insanlarından 3.8 milyardının maliyyə vəziyyəti heç də yaxşılaşmayıb.

Beləliklə, dünyanın ən zəngin 26 nəfərinin vəziyyəti 3,8 milyard yoxsul insanın ümumi vəziyyətinə bərabərdir.

Tədqiqata görə, dünyanın zəngin adamı olan Amazonun sahibi Jeff Bezosun imkanı 112 milyard dollar artıb. Onun sərvətinin 1 faizi 105 milyon əhalisi olan Efiopiyanın səhiyyə büdcəsinə bərabərdir.

Qeyd edək ki, Oxfam şirkəti 1942-ci ildə Oksfordda aclara yardım etmək üçün yaradılıb. Qurumun məqsədi yoxsulluq və ədalətsizlik problemlərini həll etməkdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə