“Məhsul”da məhsuldarsız mitinq – rəzalət və rüsvayçılıq! ANALITIK + FAKT

Yaxud, 2800 nəfərlə “müxalifət lideri” olmaq olmaz...

Beləliklə, “Milli Şura”nın təşəbbüsü ilə radikal müxalifət partiyalarının yanvarın 19-da birgə keçirdiyi növbəti mitinq də rüsvayçı sonluqla başa çatdı. Əslində, bu gözlənilən idi ki, hətta eyni dar baxışlara malik olan müxalifət düşərgəsinin hamısı bir yerə yığışsa belə, onların tərəfdar sayları aşağı-yuxarı 2000-2500 nəfərdən bir az yuxarı ola bilər və onların maksimum 2800 nəfərlə “aksiya” keçirmələri bu proqnozları yetərincə doğrulmuş oldu. Bu, açıq-aşkar xalq etimadsızlığının, ağır məğlubiyyətlərin məntiqi nəticəsi kimi də qiymətləndirilə bilər. Əgər bu gün müxalifət ayrı-ayrılıqda mitinqlər keçirsə, onların sıraları bir neçə yüz nəfərdən ibarət olar ki, məhz həmin reallığı dərk etdiklərinə görə, onlar çox yəqin, bir yerdə mitiniq keçirməyə qərara gəlmişdilər. Ancaq istədikləri kütləvilik baş tutmadı...

O cümlədən, daha bir reallıq budur ki, sözügedən mitinq də öz sönüklüyü, zəifliyi, xaotikliyi, bütövlükdə isə naşı təşkilatçılığı, eləcə də sistemsizliyi ilə diqqət çəkdi.

Fakt da budur ki, siyasi meyitlərin elə siyasi arenadaca iy verib-iylənmələri artıq onlara az-çox inananları da ürpəndirib

25 ildən artıqdır ki, küçə təfəkküründən əl çəkməyən - simaları, şüarları, populizm üzərində qurulmuş şüar və çağırışları dəyişməyən müxalifətdən bundan artığını da gözləməyə dəyməzdi. Əgər dünənə qədər onların bənzər aksiyalarına bir neçə yüz nəfər, hətta min-min beş yüz nəfər adam toplaşırdısa, indi həmin “elektoratlarını” da itirmiş oldular. Axı insanlar nə qədər, neçə il “biz gələcəyik” tipli və eyni səs tembrləri altında az qala qulaq pərdələrini deşən yalan vədlərə, çıxışlara dözməlidir. Yaxud, insanlar mənası olmayan əsassız ittihamlara qulaq asmağa borcludularmı? Əlbəttə ki, yox! Bax, gerçək məntiq, gerçək fakt da budur ki, siyasi meyitlərin elə siyasi arenadaca iy verib-iylənmələri artıq onlara az-çox inananları da ürpəndirib. Necə deyərlər, radikal müxalifət ölüb, götürəni yoxdur...

Çıxış edən 10-a yaxın şəxsin heç biri nə real bir təkliflə çıxış etdilər, nə də konstruktiv ideyalar irəli sürmədilər

Bu gün sağlam düşüncəli ictimai rəy sosial şəbəkələrdən və s. vasitələrdən də gördü, şahidi oldu ki, rüsvayçı, biabırçı bir mitinqdə əllərinə mikrofon alıb, çıxış edən 10-a yaxın şəxsin heç biri nə real bir təkliflə çıxış etdilər, nə də konstruktiv ideyalar irəli sürmədilər – yalnız radikal, dağıdıcılıq, ictimai-siyasi asayişi pozmağa yönəlmiş sətiraltı ifadələr və s... Budur, radikal müxalifətin əsl “siması”, yaxud, simasızlığı!

Daha bir diqqətçəkən məqam isə, aksiyada ziyalıların, cəmiyyətin sosial-ictimai həyatında fəal olan şəxslərin görünməməsi oldu. Çünki ictimai-siyasi proseslərdən xəbərdar olan ziyalı kəsimi də bunların hansı “məharətlərə” sahib olduqlarını yaxşı anlayırlar.

Əli Kərimli özünün uydurduğu utopik xəyalına nə qədər inanıbsa, mitinqi təkbaşına təşkil etdiyini iddia kimi irəli sürüb

Bu arada, “Məhsul”dakı aksiya “müxalifətin birgə mitinqi” adlandırılsa da, həmin mitinqə digər müxalif partiyaların rəhbərləri qatılmamışdılar. Qatılanlar isə uzağı beş-on nəfərlik partiya təmsilçiləri olublar ki, AXCP sədri Əli Kərimli dərhal bu məqamı fövtə verməyərək, özünü “vahid müxalifətin lideri” statusunda təqdim etməyə cəhdlər göstərdi. Hətta Ə.Kərimli özünün uydurduğu utopik xəyalına nə qədər inanıbsa, mitinqi təkbaşına təşkil etdiyini iddia etdi və kütləyə inanılmaz vədlər verdi. Bu isə bütövlükdə onun nə qədər pafosluğa, özünütərifə meylli olduğunu bir daha sübuta yetirdi. Çünki daha bir məqam isə, Kərimlinin təkbaşına mitinq təşkil etmək iddiasını irəli sürdüyü anda, mitinq iştirakçılarının istehzalı münasibətləri oldu.

Sözügedən amil növbəti dəfə vətəndaşların radikal qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirdi

Ümumiyyətlə, 10-dan artıq müxalifətçi siyasi qurumun iştirak etdiyi bu aksiya rəzalətin bariz nümayişi kimi qiymətləndirilə bilər. Bu, bilavasitə düşərgənin sosial bazasının, elektoratının olmamasından irəli gələn hal kimi də qeyd oluna bilər ki, sözügedən amil növbəti dəfə vətəndaşların radikal qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirdi.

Beləliklə, bütün bu reallıqlardan sonra Əli Kərimli və onun yan-yörəsi əgər özlərinə hörmət qoymağı bacararlarsa, siyasi səhnəni tərk etməyə məhkumdurlar. Ancaq onların bu addımı atmayacaqları bəri-başdan bəllidir. Görünür, onlar həqiqətən də siyasi meyit olaraq, elə siyasi tabutlarının müxalifət düşərgəsindən qaldırılmasında, siyasi dəfnə də bu minvalla getmələrində israr edirlər...

Rövşən NURƏDDİNOĞLU

P.S. Ən çox yadda qalan isə, mitinqə qatılan azsaylı insanların hərəəsinin əlində bir telefonla şəkil çəkdirməkləri oldu. Əslində, bunun da bir səbəbi var və bu səbəblər başlıca olaraq, AXCP sədri Əli Kərimlinin siyasi mühacir biznesinə əsaslandırıla bilər. Yəni bu gün həmin mənzərədən belə bir sual meydana çıxır ki, mitinqdən başqa şəkil çəkdirməyə yermi yoxdur..?

Bütün xəbərlər Facebook səhifəmizdə