“Radikal müxalifət şeytanla da əməkdaşlığa hazırdır” - BƏHRUZ QULİYEV

“Əvvəlcədən də gözlənildiyi kimi, ”Milli Şura”nın mitinqi növbəti uğursuzluqla nəticəsini tapdı və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir”. Sözügedən fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bu gün “Məhsul” stadionunda “Milli Şura”nın keçirdiyi mitinqini və onun nəticələrini şərh edərkən deyib.

Baş redaktorun sözlərinə görə, sağlam düşüncəli ictimai rəy ümumiyyətlə, bu qaragüruhçuların sözlərinə, fikirlərinə əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə doğru yönəlməyib: “Biz, bu mitinqdə çıxış edən qaragüruhçu “liderlərin” bir neçə gün öncə Avropa Parlamentinin çıxardığı saxta və əhəmiyyətsiz “qətnaməsindən” doğan kirli məqsədlərinin şahidləri olduq. Corc Sorosun və onun Rebbeka Harms kimi əlaltılarının buyruq qullarına çevrilən bu siyasətbazlar guya “aclıq aksiyası” keçirənlərdən, xüsusilə Mehman Hüseynov sarıdan “narahat” olduqlarını dilə gətirdilər. Lakin hər kəs əmindir ki, nə Əli Kərimlini, nə də digərlərini onların heç biri maraqlandırmır. Onları maraqlandıran saxta aclıq aksiyalarına görə ciblərinə axacaqları qrantlar və s. maddi vəsaitlərdir. Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar və ən əsası, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun ki, qaçqınlarımız, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt, başda “Milli Şura” və onun yetkililəri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur”.

Bəhruz Quliyev həmçinin qeyd edib ki, artıq işlərini-güclərini itirmək istəməyən insanlar da Əli Kərimlinin, Cəmil Həsənlinin çağırışlarından, boş-boş vədlərindən beziblər. “Əbəs deyil ki, “Milli Şura”nın mitinqinə qatılmayan insanlar bu və ya digər şəkildə müxalifət “liderlərinə” qarşı antipatiyalarını sərgiləyirlər”, deyən siyasi ekspert əlavə edib ki, artıq cəmiyyət bütün mənalarda dövlətçiliyin yanında olmağın vacibliyini dərk edir: “Diqqət yetirsək görərik ki, vaxtilə radikal dindarlardan öz məqsədləri üçün istifadə edən Əli Kərimli və havadarları indi də cinsi azlıq nümayəndələrindən faydalanmağa çalışırlar. Əbəs deyil ki, Avropa Parlamentinin saxta və qərəzli “qətnaməsində” bu məsələyə də toxunulub və AXCP sədri dərhal həmin məsələni öz maraqları üçün istifadə etməyə çalışır. Bəlkə də o bunu açıq şəkildə etiraf etməyə də bilər, amma fakt budur ki, AP-nin saxtakarlığına dəstək verilirsə, demək ki, həmin “qətnamədə” irəli sürülən “müddəalar” da “liderlər” tərəfindən qəbul edilir. Ümumiyyətlə, nə mənəvi, nə əxlaqi, nə də digər meyarlara sığmayan bu kimi halların məhz Əli Kərimli, eləcə də “Milli Şura”nın digər yetkililəri tərəfindən dəstəklənməsindən təəccüblənməyə də dəyməz. Belə ki, bu anti-milli qüvvələr şeytanla da əməkdaşlığa hazırdır, təki, imicimiz körlansın. Bu, onların aşkar sifətlərdirir”.

Bəhruz Quliyev sonda vurğulayıb ki, bu gün Azərbaycan xalqı və dövləti islahatlarla, inkişaf və tərəqqi ilə ölkənin yüksəlməsi istiqamətində vahid şəkildə birləşib və bu vəhdəti, bu birliyi heç bir xəyanətkar, satqın, anti-dövlətçi qüvvələr pozmaq iqtidarında, gücündə deyil: “Çox yəqin ki, uğursuz mitinq Əli Kərimliyə və onun yandaşlarına növbəti məğlubiyyət dərsini verdi. Lakin ardıcıl, rüsvayçı məğlubiyyətlərdən nəticə çıxarmamaları onları daha dərin, dibi görünməyən uçuruma doğru yuvarladır”.

Bütün xəbərlər Facebook səhifəmizdə