"İslahatlar nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq" MÖVQE - ÖZƏL

“Azərbaycanda reallaşdırılan struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

Ölkəmizdə dərin iqtisadi, hüquqi və institusional islahatların müvəffəqiyyətlə həyata keçirildiyini deyən deputat söyləyib ki, struktur islahatları çərçivəsində dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət baxımından müstəsna əhəmiyyətə malikdir: “Digər tərəfdən, bu islahatların nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək”.

M.Xəlilov qeyd edib ki, Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti və nəticələri nüfuzlu reytinq agentliklərinin müvafiq hesabatlarında da əks olunur: “Buna misal olaraq ölkəmizin Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatında 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşmasını göstərmək olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə