Xunta rejiminin süqutu: erməni rəhbərliyi konstruktiv mövqeyə gələcəkmi?

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi dərin məzmunlu nitqində bir çox məsələlərlə yanaşı, regional miqyasda cərəyan edən prosesləri də təhlil edib. İlham Əliyev həmin kontekstdə Ermənistanda hakimiyyət dəyişikliyinin və bu ölkədə ümumi vəziyyətin pisləşməsinin səbəblərini göstərib. İyirmi ildən çox müddət ərzində seçki saxtakarlığı yolu ilə hakimiyyəti mənimsəmiş Sarkisyan rejiminin beynəlxalq qurumlarla cinayət əlaqələrini faktlarla ifşa edib. Ötən müddətdə Ermənistanda seçkilərin demokratik keçdiyindən dəm vuran dairələr indi, nədənsə, keçmiş hakimiyyət komandasının cəmi beş faiz səs toplaması səbəbini izah edə bilmirlər. Bu o deməkdir ki, uzun illər özlərini demokrat hesab edən həmin dairələr, əslində, ikili standart siyasəti aparıb, insanları aldadıblar və bununla Sarkisyan iqtidarının cinayətlərinə ortaqdırlar. Bu faktların fonunda dövlət başçısının nitqinin həmin məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac görürük.

Kriminal iqtidar: məntiqi son və meydana çıxan suallar

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox maraqlı və aktual problemlərə toxunulub. Ölkə rəhbəri söylədiyi nitqində daxili siyasətdə əldə edilən uğurları təhlil etməklə yanaşı, xarici siyasətdə keçən il müddətində özünü göstərən prosesləri də diqqətə çatdırıb. O cümlədən Ermənistan rəhbərliyinin fəaliyyəti və ona bir sıra xarici qüvvələrin münasibətindəki məqamlarla bağlı olduqca əhəmiyyətli fikirlər ifadə edib. Azərbaycan Prezidenti dərin məzmunlu və tam arqumentli tezisləri ilə nümayiş etdirib ki, daxili, regional və qlobal miqyasda cərəyan edən prosesləri dəqiq müşahidə edir, çox rasional nəticələr çıxarır. Bu baxımdan Ermənistanda 2018-ci ildə özünü göstərən siyasi proseslərə verilən qiymət çox maraqlıdır.

Azərbaycan Prezidenti nitqində Ermənistanda iyirmi il hakimiyyətdə olmuş kriminal xunta rejiminin süqutunun səbəblərini geniş izah edib. Həmin kontekstdə bir sıra beynəlxalq dairələrin və siyasətçilərin qərəzli, ədalətsiz mövqe tutduqlarını sübuta yetirib və hansı nəticələrin əldə edildiyini də ifadə edib.

Ölkə rəhbəri nitqində vurğulayıb: "Bildiyiniz kimi, keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır".

Dövlət başçısı 2018-ci ildə Ermənistanda baş verən hadisələrin sonucunun "böyük dəyişiklik" olduğunu ifadə edib. Onun başlıca məzmunu iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş və mahiyyətcə kriminal xunta olan rejimin ölkəyə rəhbərliyinə son verilməsindən ibarətdir. Həmin rejimin süqutunda başqa faktorlarla yanaşı, Ermənistanın işğalçılıq siyasəti də ciddi rol oynayıb. Bunun özünü konkret olaraq nədə ifadə etdiyini də dövlət başçısı vurğulayıb. İlham Əliyev deyib: "Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır".

Belə çıxır ki, Ermənistanın hazırda dərin siyasi böhran içində olmasının yeganə günahkarı rəsmi İrəvanın qeyri-konstruktiv siyasəti olub. Bunun da iki aspekti mövcuddur. Birinci aspekt ondan ibarətdir ki, S.Sarkisyan rejimi mahiyyətcə kriminal xunta rejimi olduğundan aqressiv mövqe tutub. Elə bu da onu tənəzzülə aparıb. Çünki Azərbaycan Ermənistanı regional layihələrdən təcrid edib. Bunun nəticəsində həm Ermənistan iqtisadiyyatı çöküb, həm də demoqrafik böhran meydana gəlib. İndi də ermənilər həm ölkəni kütləvi şəkildə tərk edirlər, həm də onlarda azalma prosesi gedir.

Digər aspekt isə Ermənistanın indiki hakimiyyətinin ibrət dərsi alması zərurəti ilə bağlıdır. Yəni əgər indikilər də S.Sarkisyan iqtidarı kimi qeyri-konstruktiv mövqe tutacaqlarsa, Ermənistanın süqutu prosesi daha da dərinləşəcək. Və onu kimsə xilas edə bilməyəcək.

İlham Əliyev Azərbaycan rəhbərliyinin hansı səbəblərdən məhz bu mövqeni tutduğunu da konkret ifadə edib. Ölkə rəhbəri nitqində bəyan edib: "Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı".

Cinayətə ortaq olanlar: məsuliyyətdən qaçış

Bəli, Azərbaycanın əsas şərti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrini çəkməsindən ibarətdir. Rəsmi İrəvan bunu etmir. Əksinə, öz aqressiv ritorikasında qalmaqda davam edir. Üstəlik, bunu 20 il müddətində qanunsuz rejim edib. Sual olunur: necə olub ki, Ermənistana hakimiyyəti qanunsuz yolla zəbt etmiş komanda rəhbərlik edib və bununla bağlı beynəlxalq təşkilatlar heç bir tədbir görməyiblər? Necə olur ki, müsəlman ölkələrində insan haqlarının pozulması hallarını iynənin gözündə axtaran, bu ölkələrdəki seçkilərdə "qayda pozuntuları" tapan, seçki saxtakarlığından dəm vuran dairələr iyirmi il ərzində Ermənistanda qeyri-legitim hakimiyyətin mövcudluğunu görməyib?

İlham Əliyev məsələnin bu aspektini lakonik şəkildə diqqətlərə çatdırır. Nitqində Prezident ifadə edir: "Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə beş faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə əlli faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?!".

Həqiqətən, bu, nə ziddiyyətli haldır? Beynəlxalq təşkilatlar üçün üz qaralığıdır. İllərdir ki, onlar Ermənistanda seçkinin demokratik keçdiyindən dəm vurur, insan haqlarının qorunmasında onu Cənubi Qafqazın lideri kimi təqdim etməyə çalışırdılar. Hətta bəziləri Ermənistanı regionun ən azad ölkəsi hesab edirdi. Və qəfil bütün bunların yalan, aldatma, süni qiymətləndirmə olduğu üzə çıxır. Yenə həmin təşkilatlar N.Paşinyanın küçəyə çıxması ilə bəyan edirlər ki, Ermənistanda seçkilərdə kobudluq olub, insanlar həlak olublar, hakimiyyət orqanları xüsusi cəza əməliyyatları keçirib. Bu səbəblərdən N.Paşinyanı dəstəkləyiblər.

Digər tərəfdən, S.Sarkisyan hakimiyyətini demokratik hesab edən bu dairələr son seçkidə həmin siyasi qanadın cəmi beş faiz səs toplamasını necə izah edə bilərlər? Heç cür izah edə bilməzlər. Əksinə, onların qərəzli, saxta və ikili standartlara uyğun siyasət apardıqları bir daha aydın olur. Bütün bunların fonunda Prezident İlham Əliyev haqlı olaraq sual edir: "Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə...?".

İlham Əliyev bu sualların cavabını da deyib: "İkili standartlara görə. Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi".

Belə çıxır ki, ermənilərlə əlbir olan, onlardan rüşvət alan beynəlxalq təşkilatlar, bir sıra rəsmi şəxslər, siyasətçilər və başqaları uzun illər Ermənistan rəhbərliyinin cinayət əməllərinə ortaq olublar. Bu işlərinə görə həmin dairələr məsuliyyətə cəlb olunmalıdırlar: "Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var".

Nəhayət, Prezident İlham Əliyev faktiki olaraq yardım əlini uzadır, dialoqa üstünlük verir. Lakin Azərbaycan rəhbərinin şərti qətidir: "...bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var – Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır".

İndi qərar əks tərəfindir. Azərbaycan rəhbəri kifayət qədər konstruktiv mövqedədir və erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çəkildikdən sonra Ermənistanla əməkdaşlığa baxıla biləcəyini konkret ifadə edir. Bu imkandan rəsmi İrəvan və onun havadarları istifadə etməyəcəklərsə, günah özlərində olacaq!

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə