Pakistanda “Şəhidlikdən müstəqilliyə” mövzusunda seminar keçirilib

Azərbaycanın Pakistandakı səfirliyi İQRA Universitetinin İslamabad kampusunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Şəhidlikdən müstəqilliyə” mövzusunda seminar təşkil edib. SİA xəbər verir ki, Azərbaycanın və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Pakistan xarici işlər nazirinin sabiq müavini, tanınmış diplomat, səfir Abrar Hüseyn çıxış edib.

O, 20 Yanvar faciəsi zamanı öz konstitusiya hüquqları uğrunda meydanlara axışan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliyin törədildiyini, buna baxmayaraq, Azərbaycan xalqının öz azadlıq əzmini nümayiş etdirərək müstəqilliyini qazandığını qeyd edib. Diplomat Pakistanın müstəqil Azərbaycanı tanıyan və ona Dağlıq Qarabağ məsələsində istisnasız dəstək verən ilk dövlətlərdən olduğunu bildirərək, o zamandan etibarən ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bütün sahələr üzrə tərəqqi əldə etdiyini, eyni zamanda, Azərbaycan-Pakistan əlaqələrinin siyasi, humanitar-mədəni və iqtisadi sahələrdə də inkişaf etdiyini vurğulayıb.

İQRA Milli Universitetinin rektoru Obeyd ur Rəhman xalqların azad yaşaması üçün fədakarlığın zəruri olduğunu, Azərbaycan və Pakistan xalqlarının da mübarizə apararaq şəhidlər verdiyini, öz müstəqilliklərini qazandıqlarını söyləyib. O, 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyinin bərpasındakı rolundan danışıb.

Pakistan Senatında Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun sədri Talha Mahmud çıxışında ortaq mədəni, tarixi və siyasi dəyərləri bölüşən xalqlarımızın həm də oxşar talelərinin olduğunu bildirib. O, Azərbaycanın 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində müstəqilliyə qovuşduğunu ifadə edib. Sədr Pakistanın hər zaman müstəqil Azərbaycana qardaşlıq münasibəti bəslədiyini, erməni təcavüzünü qınadığını, Azərbaycanın ərazi bütövlüyünü bütün platformalarda müdafiə etdiyini qeyd edib. Talha Mahmud Azərbaycana səfərini xatırladaraq Bakıda Şəhidlər xiyabanını ziyarət edərkən 20 Yanvar şəhidlərinin və daha sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş digər şəhidlərin xalqın qan yaddaşındakı rolunu daha yaxşı anladığını, eyni zamanda, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, infrastruktur, enerji və digər sahələrdə necə inkişaf etdiyinin şahidi olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar - Ümumxalq Hüzn Gününün şəhidlərin anım günü ilə yanaşı, eyni zamanda, Azərbaycan tarixinin qurur səhifəsi olduğunu diqqətə çatdırıb. 1987-ci ildən başlayaraq SSRİ-nin etnik diskriminasiya siyasətinin getdikcə zirvəyə çatdığını qeyd edən səfir bu siyasi xəttin və eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının regionda gərginliyi artırdığını, buna qarşı Azərbaycan xalqının ovaxtkı rəhbərliyin istefasını və azərbaycanlılara qarşı ermənilərin qəddarlığına son qoyulmasını tələb etdiyini bildirib. Bununla bağlı yaradılan İstintaq Komissiyasının materiallarına əsasən hücumu həyata keçirən orduya çoxlu sayda ehtiyatda olan erməni əsilli şəxslərin də cəlb edildiyini bildirən səfir sovet mediasının cinayətin üzərindən sükutla keçərək susqunluq nümayiş etdirdiyini, bir çox siyasətçinin qorxub çəkindiyi bir vaxtda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvada bəyanatla çıxış edərək Bakıda törədilmiş qanlı cinayət barədə dünya ictimaiyyətini məlumatlandırdığını vurğulayıb.

1990-cı il yanvarın 20-sinin Azərbaycan tarixinin qürur günü kimi bütün azərbaycanlıları müstəqil dövlətin vətəndaşları olmaq uğrunda birləşdirdiyini və onların qətiyyətini möhkəmləndirdiyini qeyd edən səfir nəticədə Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu, bununla yanaşı, Azərbaycan xalqına qarşı erməni terrorizminin və ekstremizminin davam etdiyini, Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında olduğunu, Azərbaycan Ordusunun igid əsgərlərinin, mülki vətəndaşların, qadın və uşaqların atəşkəs xəttində erməni təxribatı nəticəsində həyatlarını itirdiyini diqqətə çatdırıb. Səfir Azərbaycan və Pakistan xalqlarının hər zaman öz şəhidlərinin xatirəsini əziz tutduğunu, onları minnətdarlıqla yad etdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və digər əyani materiallar yayılıb, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Azərbaycan səfirinin 20 Yanvar faciəsi ilə bağlı müsahibələri Pakistanın televiziya kanallarında yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə