AP-nin Azərbaycana qarşı fəaliyyətinin arxasında dayanan MƏQAMLAR-ÖZƏL

“Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətlərin arxasında bir sıra məqamlar dayanır. Bu, ilk növbədə Avropa Birliyi-Azərbaycan əməkdaşlığına qarşı yönəlmiş açıq təxribatdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, ölkəmizə qarşı anti-Azərbaycan qətnaməsinin qəbulunun Azərbaycanın Avropa ilə yaxınlaşmasını, konstruktiv tərəfdaşlığını istəməyən təxribatçı qüvvələrin məkrli niyyətlərinin nəticəsidir.

Azərbaycanın AB ilə tərəfdaşlıq sazişini paraflayıb, bütün müqavimətlərə baxmayaraq Cənub Qaz Dəhlizi kimi nəhəng layihəni həyata keçirdiyini, Avrasiya inteqrasiyasında, Çin-Avropa əməkdaşlığında iştirak etdiyini xatırladan politoloq söyləyib ki, Avropa Parlamentində birdən-birə belə müzakirələrin aparılması qaranlıq, məkrli lobbi qruplarının fəaliyyətinin, eyni zamanda Avropa Birliyinin Azərbaycanın iradəsini zəiflətmək, ona istədiyi şərtləri diqtə etmək cəhdlərinin təzahürüdür.

N.Məmmədova söyləyib ki, Avropa Birliyi artıq İran amilinə görə Cənubi Qafqaza iddiasını ortaya qoyub: “Ermənistan və Gürcüstanda Avropa Birliyinin təsiri xeyli artıb. Hətta Avropa Birliyinin bəzi ölkələri, məsələn Fransa və Çexiyanın ABŞ və Rusiya ilə rəqabətə girərək regiona silah satma təşəbbüsləri olub. Fransa Gürcüstana hava hücumundan müdafiə sistemi satıb, Ermənistana isə hərtərəfli dəstəyin veriləcəyini Frankofoniya sammiti çərçivəsində bu ölkəyə səfər edən Fransa prezidenti Emmanuel Makron bəyan edib. Cənubi Qafqaz ABŞ və İsrailin İranı hədələməsi, şimaldan onu nəzarətə götürməsi fonunda xüsusi aktuallıq kəsb etməyə başlayıb. Belə bir şəraitdə Azərbaycanın balanslı siyasəti heç bir güc mərkəzinin regionu tam nəzarətə almasına imkan vermir. Avropa Birliyi isə 1979-cu ildə ABŞ və İsraili sıxışdırıb çıxardığı İranda rejim dəyişikliyini, ABŞ-ın bu ölkəni zəiflətməsini istəmir”.

Politoloq vurğulayıb ki, Azərbaycan ABŞ-ın Böyük Orta Şərq layihəsində adı keçən ölkələrdən biridir: “Təkcə Cənubi Azərbaycanda milyonlarla azərbaycanlının yaşaması, İran və Rusiya ilə birbaşa quru və su sərhədinə malik olması ölkəmizi ən mühüm ölkəyə çevirir. Ermənistan artıq ABŞ-Rusiya-Avropa Birliyi oyununa qoşulub. Azərbaycan isə tarazlığı qoruyub-saxlayır, böyük güclərin rəqabət planlarında iştirak etmir. Azərbaycanın bu mövqeyi Cənubi Qafqazda heç bir gücün, o cümlədən AB-nin möhkəmlənməsinə imkan vermir. İnsan hüquqları artıq çoxdandır ki, başqa ölkələrə təzyiq alətindən, güzəşt qoparmaq, onu öz iradəsinə tabe etmək vasitəsindən başqa bir şey deyil”.

2019-cu ilin İran məsələsində dönüş ili olacağını deyən N. Məmmədova qeyd edib ki, böyük ehtimalla, Azərbaycanı anti-İran addımların plasdarmına çevrilməkdən çəkindirmək, ABŞ və İsrailin burada mövqelərini zəiflətmək, İranın şimaldan tam təhlükəsizliyini təmin etmək üçün Azərbaycana qarşı təhdid dolu əsassız qətnamə qəbul edilib: “Avropa Parlamentində ən müxtəlif siyasi qüvvələrin, fraksiyaların birləşib belə bir qərar qəbul etməsi çox qəribə və şübhəlidir. Burada ümumAvropa geosiyasi, siyasi və s. məqsədlərinin olması aşkar görünür.

Avropa geosiyasi maraqlarından başqa heç nəyi enerji marağına qurban verməz. Azərbaycandan enerji asılılığı olan qitənin parlamenti yalnız böyük geosiyasi amil qarşısında belə bir addım ata bilər ki, bu da qeyd etdiyimiz kimi İranın təhlükəsizliyi naminə Cənubi Qafqazda möhkəmlənməkdir. Buna mane olan Azərbaycanın balanslı siyasətinə Avropa bu cür cavab verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə