"20 Yanvar Azərbaycan xalqına qarşı təcavüzkarlıq aksiyası idi"

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedəcək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra tədbir Təşkilatın akt zalında davam edib. Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar olub”.

C.Xəlilov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya fövqəladə vəziyyət elan edilmədən yeridilən keçmiş SSRİ-nin hərbi birləşmələri şəhərdə əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobud surətdə pozublar. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi əksəriyyəti ermənilərdən ibarət olan, xalqımızın qanına susamış vəhşi cinayətkarlar idi.

“Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək xalqla birgə olduğunu bildirib. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham edib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə