"Azərbaycan yeni diplomatik formatlar müəyyən edib" ÖZƏL-ŞƏRH

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xarici siyasətinin əsas prioriteti olmaqla bərabər ölkəmizin ərazi bütövlüyünün bərpa və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə ilk növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub: “İlk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikinci isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Əgər diqqət yetirsək görəcəyik ki, bunlar bir neçə istiqamətdə müəyyənləşib. Bunlar şimal, cənub və qərb istiqamətləridir. Bilirik ki, Dağlıq Qarabağ probleminin həllində Rusiya Federasiyası özünəməxsus və xüsusi çəkisi olan ölkədir. Amma biz onu da bilirik ki, bu ölkə ilə ayrı-ayrı mərhələlərdə münasibətlər sabit, ancaq enişli-yoxuşlu olub. 2007-ci ildən sonrakı mərhələdə Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası sayəsində Rusiya ilə münasibətlər strateji müttəfiqlik səviyyəsinə qalxıb. Eyni zamanda İranla münasibətlər yüksək səviyyəyə çatıb. Bu münasibətlərin yaxşı olması üçün Azərbaycan yeni diplomatik formatlar müəyyən edib və bu formatlar çərçivəsində öz milli maraqlarını müdafiə edən strategiya irəli sürüb. Nəticədə nə baş verib? Təkcə 2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər. Bunun özü münasibətlərin yeni mərhələsindən xəbər verir”.

H.Babaoğlu qeyd edib ki, eyni zamanda Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb: “Tutaq ki, şimal qonşumuza bəzi Avropa ölkələri tərəfindən tətbiq olunan sanksiyalar zamanı Azərbaycan yaxın qonşuluq prinsipindən çıxış etmiş, eyni zamanda cənub qonşumuz İrana müxtəlif vaxtlarda, müxtəlif sanksiyalar tətbiq edilsə də, Azərbaycan qonşuluq siyasətini dəyişmədən cənub qonşumuzla münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Eyni vəziyyəti biz Gürcüstan və Türkiyəyə münasibətdə də müşahidə edə bilərik. Çünki Azərbaycanın həyata keçirdiyi bütün qlobal iqtisadi layihələrdə Gürcüstanı tranzit ölkə kimi müəyyənləşdirməklə və onun iqtisadiyyatına sərmayə qoymaqla, əlaqələri gücləndirməklə bu ölkə ilə münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Türkiyəyə gəldikdə isə bu münasibətlər hazırda sözün həqiqi mənasında “bir millət, iki dövlət” münasibətləri səviyyəsində xarakterizə olunur. Göründüyü kimi, bunlar uzunmüddətli düşünülmüş strategiya nəticəsində mümkün olan reallıqlardır”.

Müsahibimiz əlavə edib ki, beləliklə, hazırda – 2019-cu ildə Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb: “Eyni zamanda ənənəvi müttəfiqlərini də itirib. Azərbaycan Prezidentinin də dediyi kimi Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə həmin siyasəti davam etdirəcəyik. Yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Düşünürük ki, 2019-cu il bu sahədə mühüm impulslar və irəliləyişlər kimi tarixə düşəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə