"Problemin həlli üçün “açar razılaşmaya” imza atılacaq" ÖZƏL-ŞƏRH

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların növbəti görüşü yekunlaşdı. ATƏT həmsədrləri və Andre Kasprişikin iştirakı ilə keçirilən görüşün nəticələri barədə təsdiqini tapmış məlumatlar olmasa da artıq danışıqların yeni fazaya keçdiyi faktdır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, indiyə qədər əldə olunan razılaşmaların həyata keçməsi zamanı çatıb: “Hesab edirəm ki, bu il ərzində artıq problemin həlli üçün “açar razılaşmaya” imza atılacaq. Bundan sonra Ermənistan xarici işlər nazirinin Moskvaya çağırılması və danışıqların mahiyyəti ilə tanışlığı prosesi baş verəcək. Təbii ki, Rusiya bu problemin tam həllini istəmir. Onu yalnız yarımçıq və hər iki tərəfi gərgin saxlayan həll variantı qane edə bilər. Paşinyan isə özündə güc taparaq regionda sülhün 100 faiz təmin olunmasına yönəlik addımlar atarsa Qafqazda uzun və davamlı sülh yarana bilər.

Lakin bu kövrək razılaşmaları qoruyub saxlamaq üçün ilk növbədə daxili stabilliyi qorumaq lazımdır. Ölkəmizə xaricdən ixrac olunan dini və siyasi təhlükənin qarşısı alınmalıdır. Bütün bunlar isə qarşılıqlı ittihamlar və güc nümayiş etdirməklə deyil, vətəndaş cəmiyyətinin fəalları ilə dialoq və əməkdaşlıq vasitəsilə həyata keçirilməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə