"Paşinyanın konstruktiv mövqeyə gəlməkdən başqa yolu yoxdur" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanın 2018-ci ildə beynəlxalq siyasətdə əldə etdiyi nailiyyətlər, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin münaqişənin həlli istiqamətində dönüş ili olması ilə bağlı səsləndirdiyi fikirlər cari ildə bu istiqamətdə mühüm irəliləyişlərin olacağından xəbər verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Politoloq söyləyib ki, 2018-ci ildə Azərbaycanın Dağlıq Qarabağla bağlı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm uğurlar əldə edilib ki, bunun özü də problemin həllində əhəmiyyətli amil hesab olunmalıdır: “Məsələnin həllinə nail olmaq üçün ilk növbədə onu tanıtmaq mütləqdir. Artıq bütün dünya Azərbaycanı müstəqil siyasət yürüdən, güclü ordu və iqtisadiyyata malik olan ölkə kimi tanıyır. Artıq beynəlxalq ictimaiyyət münaqişənin həllinin uzanmasında əsl günahkarı tanıyır və onları ifşa edir. Bunun özü problemin həllində əhəmiyyət kəsb edən məsələlərdəndir”.

R.Məmmədov qeyd edib ki, düşmən ölkəyə təzyiq göstərə biləcək əsas amil Azərbaycanın möhkəmlənməsi, Rusiya və Qərbin rəyidir: “Bu üç amilin olması problemin həlli deməkdir. Paşinyanın Dağlıq Qarabağla bağlı konstruktiv mövqeyə gəlməkdən başqa çıxış yolu yoxdur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə