Paşinyanın başı bəladadır ANALITIK

Zarui Postancyan: “O, hakimiyyətə məhz diktator rejiminin minimum olaraq, 2020-ci ilə qədər saxlanması üçün gəlib”

Nikol Paşinyanın ikinci dəfə baş nazir seçilməsi ölkənin ictimai-siyasi arenasında birmənalı qarşılanmır. Belə ki, müxtəlif fikirlərlə çıxış edən erməni siyasətçiləri, eləcə də siyasi müstəvidə yazan KİV-lər erməni baş nazirinin uğursuzluqlarını aşkarlayaraq, cəmiyyətə təqdim edirlər.

“Diktatorun qanunvericilik bazası Paşinyanın çox xoşuna gəlib”. SİA xəbər verir ki, bu fikirləri Ermənistanın news.am saytına erməni siyasətçi, keçmiş deputat Zarui Postancyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə məhz bu məqsədlə gəlib: “O, hakimiyyətə məhz diktator rejiminin minimum olaraq, 2020-ci ilə qədər saxlanması üçün gəlib. Ona görə də yaxın 6 ayda parlamentin gündəliyində nə konstitusiyanın dəyişdirilməsi məsələsi, nə də seçki kodeksinin islahatları olmayacaq”.

“Nazirliklərin ləğvi böyük fəsadlara və təhlükələrə yol açacaq”

Postancyan hökumətin gözlənilən struktur islahatları barədə də fikirlərini bildirib və qeyd edib ki, dövlət idarəçiliyinin mühüm nazirliklərin ixtisarı ilə optimallaşdırılması özünü doğrultmayıb. “Nazirliklərin ləğvi daha böyük təhlükələrə və fəsadlara yol açacaq”, deyə qeyd edən erməni siyasətçi xüsusilə, disapora nazirliyinin ləğvi məsələsinə toxunaraq bildirib ki, 9 milyonluq diasporaya malik olan, sərhədlərdən kənar yaşayan ermənilərlə keyfiyyətli iş qurub, onları Ermənistanın quruculuğuna cəlb etmək nazirlik olmadan mümkün deyil.

O, kənd təsərrüfatı nazirliyinin də ixtisara salınmasına münasibətini bildirərək deyib ki, əgər ölkənin böyük kəsiminin kənd təsərrüfatı sferası ilə məşğul olmaları nəzərə alınarsa, bu istiqamətdə fəaliyyət göstərən xüsusi dövlət orqanı, yəni kənd təsərrüfatı nazirliyi olmadan hansı işlərin görüləcəyi anlaşılmazdır.

1in.am saytı: “zaman Nikol Paşinyana və onun kabinetinə qarşı işləyir”

Bu arada, Ermənistanın 1in.am saytı da Nikol Paşinyan hökumətinin parlament fəaliyyətinin ilk günündən uğursuzluqları məsələsinə toxunub. “Parlamentin ilk iclası da göstərdi ki, inqilabçıların bloku heç də kompakt deyil”, yazan erməni media qurumu əlavə edib ki, belə bir vəziyyət hələ parlament seçkilərinə qədər də açıq-aşkar proqnozlaşdırılırdı. “Paşinyanın kadr siyasəti “Axilles dabanına” dönüb”, deyə qeyd olunur.

Həmçinin bildirilir ki, Nikol Paşinyan ötən aylarda heç bir keyfiyyətli iş qura bilməyib: “Nikol Paşinyana effektli sistem qurmaq müyəssər olmadı, eləcə də postinqilabçı qüvvələrdə gələcəyi dəqiq görə bilmək qabiliyyəti yoxdur. Parlament seçkiləri hakimiyyətə legitimlik versə də, siyasi keyfiyyət verməyib və ikinci dəfə baş nazir seçilməsindən sonra zaman Nikol Paşinyana və onun kabinetinə qarşı işləyir”.

Beləliklə, fakt budur ki, artıq erməni ictimaiyyəti həyəcan təbili çalmağa başlayıb və qarşıda Ermənistanı daha ağır, acınacaqlı, dözülməz və ağır həyat gözləyir. Bütün bunların səbəbkarı daha öncəki hakimiyyət göstərilsə də, artıq bundan sonra baş verənlər əlbəttə ki, birbaşa Paşinyanın “ayağına” yazılacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə