Aqrar islahatlar daha böyük uğurlar vəd edir TƏHLİL

Aqrar islahatlar ərzaq təhlükəsizliyinin təminatına, məşğulluq səviyyəsinin artmasına, rifah halının yaxşılaşdırılmasına əsaslı zəmin yaradır

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edir. Əbəs yerə deyil ki, Azərbaycan “dünyada ən islahatçı ölkə” imicini qazanıb və bu imicin formalaşmasını ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən və reallaşdırılan kompleks islahatlar şərtləndirir.
Prezident İlham Əliyev 14 yanvar 2019-cu il tarixində “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana müvafiq olaraq artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılan Aqrar Xidmətlər Agentliyi aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılıb.

Aqrar islahatlar səmərəliliyin daha da artırılmasına xidmət edir və məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə etmək imkanı qazandırır

Baytarlıq və fitosanitar xidmətlərinin təşkilini, idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirən, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirən, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirən agentlik, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edir. Bir sözlə, sadalananlar təsdiq edir ki, əsas məqsəd idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq və idarəetməni iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırmaqdır. Göründüyü kimi, iqtisadi inkişaf və idarəetmə arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama prinsipləri qorunur.
Digər sahələrlə yanaşı, aqrar sahədə də aparılan islahatlar səmərəliliyin daha da artırılmasına xidmət edir. Hətta, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə etmək imkanı qazandırır desək yanılmarıq. Bu islahatların gətirəcəyi faydalardan biri və ən vacibi də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Ona görə ki, yığcam və məqsədyönlü idarəetmə özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Nəticə etibarı ilə isə dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafa əsaslı zəmin yaradır.
İslahatlar çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olması vacibdir. Sözsüz ki, biznes mühitini təkmilləşdirmək davamlı iqtisadi inkişafa nail olmaq deməkdir və islahatlar məhz bu inkişafa xidmət edir. Təbii ki, müvafiq islahatlar nəticə etibarilə məhsuldarlığın artırılmasına, ölkəyə daha çox investisiya cəlb olunmasına və məntiqi olaraq yeni iş yerlərinin yaradılmasına köklü zəmin yaradır.

Kənd təsərrüfatının inkişafı dedikdə, ilk növbədə aqrar sektor nəzərdə tutulur və bu baxımdan aqrar sektorun inkişafına olan diqqət heç də təsadüfi deyil

Hazırda kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malikdir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması da təsadüfi deyil. Əhalinin ərzağa olan tələbatının daxili imkanlar və potensiallar hesabına ödənilməsi, idxaldan asılılığın minimuma endirilməsi üçün kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bu vaxta qədər mühüm islahatlar reallaşdırılıb və inkişafın davamlı şəkildə olması üçün bu proses göründüyü kimi davam edir.
Kənd təsərrüfatının inkişafı dedikdə sözsüz ki, ilk növbədə aqrar sektorun inkişafı nəzərdə tutulur və bu baxımdan aqrar sektorun inkişafına olan diqqət heç də təsadüfi deyil. Eyni zamanda kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla vətəndaşların məşğulluğunun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının inkişaf etdirilməsi kənd yerlərində yoxsulluğun azaldılmasına da əsaslı zəmin yaradır və məşğulluğunun artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda özəl sektorda dinamik inkişaf ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən işlərin, aparılan islahatların məntiqi nəticəsidir. Rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması ən vacib prioritetlərdəndir və vətəndaşların istehsal olunan ən yüksək keyfiyyətli məhsullarla təmin edilməsini şərtləndirir. Müşahidələr və statistik göstəricilər təsdiq edir ki, son illər kənd təsərrüfatı sürətlə inkişaf edib, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artıb və bütün bunlar aqrar islahatlar sayəsində reallaşdırılıb.

Qazanılan uğurlar, əldə edilən nailiyyətlər, qlobal hesabatlarda Azərbaycanın irəliləməsi ölkə başçısının rəhbərliyilə aparılan islahatların məntiqi nəticəsidir

Hazırda dünyada iqtisadi böhran davam edir və bir çox ölkələrdə biz bunun şahidiyik. Dünya ölkələrinin heç də hamısı bu böhranın mənfi təsirlərindən qoruna bilmir. Ermənistan kimi səfalət içərisində olan “cırtdan” dövlətlər bir tərəfə, hətta elə fövqəl dövlətlər var ki, bu böhran səbəbiylə külli miqdarda xarici borclanma ilə qarşılaşıb. Lakin, Azərbaycanda tamamilə əksinə olaraq dinamik inkişaf müşahidə edilməkdədir və hətta qlobal hesabatlarda da bu öz əksini tapır.
Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqlərini ilbəil yaxşılaşdırır və bütün bunlar inkişaf dinamikasından xəbər verir. Bu dinamik inkişafı şərtləndirən isə ölkə başçısının kənd təsərrüfatının, xüsusilə aqrar sahənin inkişafını daim diqqət mərkəzində saxlamasıdır. Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, şəxsən ölkə başçımızın rəhbərliyi ilə aparılan islahatlar sayəsində aqrar sahədə, kənd təsərrüfatında böyük uğurlar qazanılır, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, yoxsulluğun aradan qaldırılmasında, əhalinin məşğulluğunun artırılmasında və maddi rifahının yaxşılaşdırılmasında konkret nailiyyətlər əldə edilir. Bir sözlə, aqrar sahədə, kənd təsərrüfatında qazanılan uğurlar, əldə edilən nailiyyətlər, qlobal hesabatlarda Azərbaycanın reytinqlərinin ilbəil yaxşılaşması ölkə başçısının rəhbərliyilə aparılan islahatların məntiqi nəticəsidir. Hazırda Cənab Prezidentin rəhbərliyi ilə aparılan son islahatlar, xüsusilə aqrar sahədə aparılan islahatlar yaxın gələcək üçün daha böyük uğurlar vəd edir və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, işsizliyin azalmasına, məşğulluq səviyyəsinin artmasına, rifah halının daha da yaxşılaşdırılmasına əsaslı zəmin yaradır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə