Sevinc Seyidova: “Azərbaycan dövləti islahatlar yolunu seçib” RƏY-ÖZƏL
"Son bir necə ildə Azərbaycanda sosial və iqtisadi sahələrdə dərin islahatlar prosesinə başlanıldı". Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, artıq bu islahatların ilkin müsbət nəticələri özünü göstərməkdədir: "Qeyd olunan tədbirlərin davamı olaraq idarəetmə strukturunun təkmilləşdirilməsi vacib idi. Prezident İlham Əliyevin imzaladığı fərmanlarla bu prosesə start verildi. Bir-birini təkrarlayan, və ya mövcud olma əhəmiyyətini itirən bir sıra strukturlar ləğv edildi. Ümumiyyətlə, bu gün dünyada inkişaf etmiş dövlətlərin hər biri mövcud problemlərin həlli, çağırışlara dərhal reaksiya vermək iqtidarına malik çevik idarəetmə mexanizminin tətbiqinə çalışır. Azərbaycanda vaxtilə bir sıra qurumların yaradılması bəlkə də həmin dövrün tələblərinə uyğun olaraq zərurətdən irəli gəlirdi. Lakin artıq zaman və tələblər dəyişib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan dövləti islahatlar yolunu seçib. İnzibati idarəetmə sahəsində bir-birini təkrarlayan, mövcud olma əhəmiyyətini itirmiş lüzumsuz qurumların ləğvi prosesi də müasir dövrün çağırışlarına Azərbaycan rəhbərliyinin operativ reaksiyasının göstəricisidir. Bu həm də dövlət büdcəsindən idarəetmə aparatının saxlanılmasına yönəldilən vəsaitə əhəmiyyətli dərəcədə qənaət olunması deməkdir. Ölkəmiz dünyada ən çox islahatlar aparan dövlətlərin reytinqində ən yüksək yerlərdən birini tutur. Prezidentin məlum fərmanı ilə dövlət idarəetməsi sahəsində təkmilləşdirmənin aparılması da Azərbaycanın sürətli iqtisadi inkişafı prosesinə öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə