“İslahatları hər zaman olub, bu gün də var, sabah da olacaq” RƏY-ÖZƏL

"Hələ ötən əsrin 90-cı illərindən başlanan struktur və kadr islahatları ölkə Prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dövründə də uğurla və mərhələli şəkildə davam etdirilib və etdirilməkdədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, son fərmanlar, yəni, bir neçə dövlət qurumun ləğvi, birləşdirilməsi, həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması isə illərdir davam edən və etdirilən islahatlar prosesinin növbəti mərhələsi və tərkib hissəsidir: "Bunları ayrılıqda götürmək olmaz. Çünki bəzən elə təsəvvür yaradılmağa çalışılır ki, guya indiyəcən bu cür proseslər, islahatlar, idarəetmənin təkmilləşdirilməsi olmayıb, yaşanmayıb. Bu, belə deyil, bu, düzgün yanaşma sayıla bilməyib. Bu təkmilləşdirmələr, kadr, struktur islahatları hər zaman olub, bu gün də var, sabah da olacaq. Bəzən asta, bəzən isə daha sürətli şəkildə, özü də dövrün və zaman reallıqlarına uyğun şəkildə. Eyni zamanda, sosial şəbəkələrdə gedən müzakirələrdə bir zaman dövləti, hakimiyyəti struktur islahatları aparmamaqda haqsızcasına “ittiham” edənlər indi valı tərsinə çeviriblər, bu qurumların ləğvinə qarşı çıxır, guya orada çalışanların halına yandıqlarını nümayiş etdirməyə çalışırlar. Əslində onların niyyəti, məqsədi bəllidir, od olmayan yerdən tüstü çıxarmaq. Amma faydasızdır, səmərəsizdir, onlara da məsləhətim budur ki, artıq boş-boş işlərlə məşğul olmasınlar, gedib faydalı bir işin qulpundan yapışsınlar ömürlərində heç olmasa bircə dəfə. Həmin insanlar işsiz qalmayacaqlar, nevə ki, bundan əvvəl ləğv edilən bir sıra qurumların işçiləri, əməkdaşları işsiz-gücsüz qalmayıblar. Onlar da öz ixtisaslarına, öz qabiliyyət və bacarıqlarına uyğun şəkildə işlə təmin olunacaqlar. Bu, birmənalıdır. Odur ki, ölkə Prezidentinin bu yöndəki son addımlarını da müsbət, yüksək qiymətləndirməklə yanaşı, bu prosesin bundan sonra da davam etdiriləcəyinə əminliyi ifadə edirəm".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə