“Azərbaycanın əldə etdiyi hər bir uğurun kökündə sarsılmaz xalq-hakimiyyət birliyi dayanıb” EKSPERT RƏYİ+ÖZƏL

“Biz, bu gün bütün mənalarda və istiqamətlərdə Azərbaycanın davamlı inkişaf yolu tutduğunu deyə bilərik. Ümumiyyətlə, geridə qoyduğumuz hər bir il uğurla yekunlaşmaqla yanaşı, növbəti illərdə nailiyyətlər əldə edilməsi üçün bir stimuldur”. Bu fikirləri “Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edərkən deyib.

“Əbəs deyil ki, cənab Prezident ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini xüsusilə vurğulayıb”, deyən siyasi ekspert bu uğurların hər birinin əsasında mühüm aspektlərin olduğunu bildirib və qeyd edib ki, ən əsası, əldə edilən nailiyyətlərin təməlində Azərbaycanın dünya birliyində artan mövqeyi və apardığı uğurlu siyasət dayanır: “Bu gün ölkəmizin nüfuzu, yüksək mövqeyə sahib olması, inkişaf və tərəqqisi göz önündədir və nüfuzlu beynəlxalq təşkilatlar da bunu təsdiq edirlər. Məlumdur ki, əgər bir ölkədə ictimai-siyasi sabitlik olmasa onun hər hansı nailiyyət əldə etməsi qeyri-mümkündür. Çünki başqa heç bir dövlət, nüfuzu şirkət, beynəlxalq təşkilat sabitliyi təmin olunmamış ölkə ilə etibarlı əməkdaşlıq, siyasi-iqtisadi partnyorluq etmək istəməz. Bu baxımdan, əgər nəzərə alarsaq ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır, onda tam əminliklə deyə bilərik ki, ötən bir ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb və ölkəmizin qonşu dövlətlərlə əlaqələri ən yüksək səviyyəyə çatıb”.

Bəhruz Quliyev qeyd edib ki, Prezidentin 2018-ci ili islahatlar dövrü kimi qiymətləndirməsi qeyd edilən fikirlərdə bütün təfsilatı ilə özünü isbatlayıb: "Öncəki illərdə olduğu kimi, ötən ildə də ölkəmiz nəhəng layihələrin təşəbbüskarı və iştirakçısı olub. Əbəs deyil ki, cənab İlham Əliyev nitqində həmin faktora da toxunaraq bildirib ki, 2018-ci ildə həyata keçirilən və tamamlanan mühüm layihələr Azərbaycanın gücünü və iqtisadi potensialını daha da artırıb. Bəli, məhz bu layihələr iqtisadi, sosial, hərbi və s. xətlər üzrə irəliləyən ölkəmiz üçün daha geniş strategiyaların müəyyənləşməsinə yol açmış oldu. Həmçinin, valyuta ehtiyatlarımız 45 milyard dollara çatdırıldı, ümum daxili məhsul 1,4, kənd təsərrüfatı 4,6, qeyri-neft sektoru 1,8 % artdı, vətəndaşlarımızın məşğulluğunun davamlı olması məqsədi ilə 118 min daimi iş yerləri açıldı, ümumiyyətlə, sosial-iqtisadi siyasət və qarşıya qoyulmuş digər bütün məqsəd və vəzifələr yüksək səviyyədə reallaşdırıldı”.

Baş redaktor Prezident İlham Əliyevin Ermənistanda cərəyan edən məlum hadisələr və bu proseslərdən doğan siyasi böhranlarla bağlı fikirlərinə də münasibətini bildirərək deyib ki, nədənsə, bəzi beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edərək, işğalçı ölkədə seçki, insan hüquq və azadlıqları və s. problemlərə qınaq ediləcək münasibətlər göstərməyiblər: “Biz buna misal olaraq, Ermənistanda keçirilmiş son parlament seçkilərində 5 faizdən də az səs yığan, lakin iqtidarda olduğu vaxtlara özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin qınaq obyektinə çevrilmədiyini deyə bilərik. Halbuki, Avropanın bir sıra qurum və təşkilatları inkişaf və tərəqqi, demokratiya, prüalizm yolunu tutaraq irəliləyən Azərbaycana qarşı qərəzli hesabatlarla çıxış edirdilər. Lakin son proseslər bir daha sübut etdi ki, ölkəmizin mövqeyi hər zaman doğruluq və həqiqəti əks etdirib, yəni Azərbaycan dövlətinin illərdir ki, kriminal rejimlə bağlı irad və ittihamları bu ölkədə keçirilən son parlament seçkilərində də sübutunu tapdı”.

Siyasi ekspert Ermənistanda kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkədə aparılan diplomatiyanın gerçək siyasi aspektlərə deyil, rüşvətə, korrupsiyalara, "konyak diplomatiyası"na söykəndiyini bildirib və bu cür siyasətin iflasa məhkum olacağını vurğulayıb: “Rüşvət, "konyak diplomatiyası", korrupsiya kimi hallar vasitəsilə aparılan "siyasət" demokratiyadan, ədalətdən danışan Avropa Şurası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir və burada görünən budur ki, bənzər gözyummalar həmin qurumların hələ də ikili standartlar və qərəz üzərində fəaliyyət göstərdiyini nümayiş etdirməkdədir. Düşünürəm ki, dövlət başçımız nitqində bu məsələyə toxunarkən, çox doğru və qətiyyətli tələb irəli sürərək, kriminal rejimə dəstək vermiş xarici siyasətçilərin məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayıb. Çünki 20 ildə davamlı işğalçılıq siyasətinə, Azərbaycan xalqının bu siyasətdən çəkdiyi hər bir zərərə, ziyana görə Ermənistanın kriminal rejimi də daxil olmaqla, onlara bu və ya digər şəkildə dəstək verən ayrı-ayrı şəxslər də, beynəlxalq konvensiyalara əsaslanan hüquqi cavablarını almalıdırlar”.

Bəhruz Quliyev son olaraq bildirib ki, ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasəti və qətiyyətli bəyanatları, xüsusilə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması xətti üzrə aparılan siyasəti öz uğurlu nəticəsini tapacaq: “Bu gün Ermənistanın təcavüzkar mövqeyi bu ölkəni bütün siyasi-iqtisadi və s. layihələrdən kənarda qoyub və biz, müxtəlif çevrələrdə həmin gerçəkliyi görməkdəyik. O cümlədən, dövlət başçımız hər zaman əminliklə vurğulayıb və bu gün də vurğulamaqdadır ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Eyni zamanda, bəzi beynəlxalq təşkilatların bəlli davranışlarına baxmayaraq, dövlətimiz öz hüquqlarından istifadə edərək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edəcək. Bizim hərbi potensialımız və bu sahədə əldə etdiyimiz uğurlarımız da belə qənaətə gəlməyə kifayət qədər əsas verir. Təkcə, uğurlu Naxçıvan əməliyyatı, bu əməliyyat nəticəsində 11 min hektar ərazilərimizin nəzarətə götürülməsi, işğalçıların strateji yollarının və istehkamlarının da ordumuzun nəzarətində olması artıq bu cür düşünməyimizə, əminliyimizə kifayət qədər zəmin yaratmış olur. Söz yox ki, cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı fikirləri də hər bir Azərbaycan vətəndaşında qələbə və zəfər ruhunu daha da yüksəldir. Çünki qeyd edilən inkişaf və tərəqqinin, əldə edilən hər bir uğurun kökündə sarsılmaz xalq-hakimiyyət birliyi dayanıb və bu amil özünü qarşıdakı illərdə də təsdiq edəcək”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...